Mədəniyyət naziri və AMEA prezidenti Arxeologiya İnstitutunun Elmi fondunu və Muzey sərgi zalını ziyarət ediblər

Mədəniyyət naziri və AMEA prezidenti Arxeologiya İnstitutunun Elmi fondunu və Muzey sərgi zalını ziyarət ediblər
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli və AMEA prezidenti akademik İsa Həbibbəyli AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi fondunu ziyarət edib, 2025-ci ildə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə tanış olublar. 

    AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ziyarətçiləri fondla tanış edib, sərgilənən yeni tapıntılar barədə məlumat verib. Fikir mübadiləsi çərçivəsində Azərbaycanın maddi mədəniyyət nümunələrinin saxlanılması üçün müasir tələblərə cavab verən daha münasib şəraitin, həmçinin, tapıntıların ümumiləşdirilmiş reyestrinin yaradılması, tapıntıların rəqəmsal qeydiyyatının tərtibi, maddi mədəniyyət nümunələrinin kameral tədqiqi və bərpası üçün müvafiq laboratoryaların təşkili istiqamətində bundan sonra da  Mədəniyyət Nazirliyi və Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın davam edəcəyi bildirilib.

    Daha sonra qonaqlar AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin İçərişəhərdə yerləşmiş Muzey sərgi zalını ziyarət ediblər. Fərhad Quliyev qonaqlara muzeydə Azərbaycan xalqının qədimliyini nümayiş etdirən ekspozisiyanın mahiyyəti barədə məlumat verib, sərgi konsepsiyasından danışıb və muzey arxeologiyası qarşısında duran vəzifə və problemlərdən söz açıb. Muzeyin müasir dünya tələblərinə cavab verən sistem üzrə qurulması üçün fikir mübadiləsi aparılıb.

    Qonaqları AMEA Arxeologiya və Antropologiya İnstitutunun Ümumi işlər üzrə direktor müavini t.ü.f.d., dosent Şövqü Həsənov, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.ü.f.d. Valeh Ələkbərov və Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov müşayət ediblər. 

    PAYLAŞ:

    Oxşar xəbərlər