İyunun 20-də AMEA-nın Əsas binasında “Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Koreya, Türkiyə və Gürcüstanın arxeologiya sahəsində tanınmış alim və mütəxəssislərı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq artıq üç ildir ənənəvi olaraq keçirilən tədbirin milli-mədəni irsimizin, tariximizin təbliği, mədəniyyətimizin hərtərəfli öyrənilməsi, həmçinin turizm baxımından əhəmiyyətini qeyd edib.
AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş qədim Azərbaycan torpağı olan Qarabağa qayıdış prosesində ölkəmizi ilk dəstəkləyən dövlətlərdən birinin Cənubi Koreya olduğunu söyləyib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqində də Koreya Respublikasının böyük rolu vardır.
O, son illərdə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının Qarabağda geniş arxeoloji tədqiqat işləri apardığını, Koreya arxeoloqlarının iştirakı ilə Füzulidə Yedditəpə kurqanlarında aparılan tədqiqatlar zamanı əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirib.
Akademik İsa Həbibbəyli bir neçə il öncə AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevlə birgə Qəbələdə Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiyasının apardığı elmi tədqiqatlar və arxeoloji qazıntılarla tanış olduğunu söyləyib. Alim, həmçinin Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ etnoqrafik ekspedisiyasının Qəbələ bölgəsində apardığı kompleks tədqiqatların nəticəsi olaraq Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə 3 dildə kitabın çap olunduğunu diqqətə çatdırıb. Azərbaycan tarixçi, etnoqraf, arxeoloq və folklorşünaslarının bu kitabdan mühüm mənbə kimi istifadə etdiyini deyən AMEA rəhbəri sözügedən nəşrin arxeoloji tədqiqat qrupunun Azərbaycan elminə qiymətli töhfəsi olduğunu bildirib.
Antropologiya elmləri sahəsində fundamental xarakterli elmi tədqiqatların həyata keçirilməsinin, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına diqqət yetirilməsinin zəruriliyini qeyd edən AMEA rəhbəri Azərbaycanda yeni sahə olan antropologiya elminin inkişafı istiqamətində Akademiyada mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. O, müasir dövrdə qardaş Türkiyə və digər ölkələrlə antropologiya sahəsində fəaliyyətlərin genişləndirilməsinin önəmini qeyd edib. Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan Elm Fondunun dəstəyi ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda müasir tipli laboratoriyanın yaradılması istiqamətində işərin görüldüyünü bildirib.
Ölkə başçısının Fərmanına əsasən Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsününü aparıldığını və yeni bölgünün 14 iqtisadi rayonu əhatə etdiyini söyləyən akademik İsa Həbibbəyli arxeoloji qazıntıların Azərbaycanın bütün coğrafiyasını əhatə etməsinin, o cümlədən birgə ekspedisiyanın fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Çıxışının sonunda AMEA rəhbəri beynəlxalq tədbirdə dinləniləcək məruzələrin, müzakirə olunacaq mövzuların arxeologiya elminin inkişafına, eləcə də ölkələr arasındakı əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Sonra Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu, hazırda Azərbaycan və Koreya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Azərbaycanda Koreya mütəxəssislərinin iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatlar zamanı mühüm elmi nəticələrin əldə olunduğunu deyib. Bildirib ki, Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açıb.
Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti, müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və onların uğurlu nəticələri, üzə çıxarılan nadir tapıntılar haqqında məlumat verib. O, Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib.
Konfransda “Qəbələ qazıntılarından aşkar edilmiş Roma idxalına aid nümunələr”, “Şərqi və Qərbi Avrasiyada aşkar edilmiş süni deformasiyalı kəllələr”, “Erkən Dəmir dövründə Qafqazın iqtisadi və intellektual mərkəzi (e.ə.X əsr)”, “Koreya yarımadasında qazılmış Araba çətir komponentləri” və digər mövzularda məruzələr dinlənilib.