AMEA-nın Rəyasət Heyətinin iclasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, Qurultayın türk xalqlarının ortaq tarixi-mədəni irsinin, elmi düşüncəsinin və humanitar inteqrasiyasının formalaşmasında müstəsna rolu xüsusi vurğulanaraq yubiley tədbirlərinin keçirilməsi tapşırılıb. Bundan irəli gələrək, Rəyasət Heyətinin müvafiq iclaslarında AMEA-nın Tədbirlər planı təsdiq olunub və Qurultayın yubileyinə hazırlığın yüksək səviyyədə təşkili məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.
Yubiley çərçivəsində tədbirlərin mərhələli şəkildə təşkilinin nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli 27 fevral 2026-cı il tarixində “Birinci Türkoloji Qurultayın qurucuları və ənənələri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəyini bildirib. Qeyd edib ki, bu tədbirdə Birinci Türkoloji Qurultayın təşəbbüskarlarının, aparıcı simalarının və elmi ideyalarının xatırlanması, Qurultayın formalaşdırdığı elmi-mənəvi ənənələrin müasir dövrdə davamı məsələlərinin müzakirəsi əsas məqsəd kimi müəyyən edilib.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, tədbir çərçivəsində Birinci Türkoloji Qurultayın elmi irsinə və müasir türkoloji proseslərə həsr olunmuş geniş tərkibli elmi müzakirələrin və panel iclaslarının keçirilməsi nəzərdə tutulub.
“Hazırlıq prosesində beynəlxalq elmi əməkdaşlığa xüsusi önəm verilib. Tədbirlərdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının türk xalqları yaşayan regionları, eləcə də digər ölkələrdən olmaqla 50-yə yaxın Türk dünyasını təmsil edən nüfuzlu alim və elm xadiminin iştirakı planlaşdırılır. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər AR Mədəniyyət Nazirliyi və AR Elm və Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Xəzər Universiteti isə əsas tərəfdaş təşkilatçılar kimi iştirak edirlər. Bu qurumlarla əməkdaşlıq çərçivəsində elmi proqramın hazırlanması, məruzəçilərin və panel iştirakçılarının müəyyənləşdirilməsi, beynəlxalq tərəfdaşlarla koordinasiyanın təmin edilməsi, eləcə də tədbirlərin təşkilati və mədəni proqramının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərilir”, - deyə akademik İsa Həbibbəyli bildirib.
Eyni zamanda AMEA-nın elmi bölmələri və institutları tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi konfransların, dəyirmi masaların və müzakirələrin təşkili, xüsusi nəşrlərin hazırlanması, Qurultayın stenoqramının və arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, eləcə də yubiley tədbirləri ilə bağlı materialların kütləvi informasiya vasitələrində işıqlandırılması istiqamətində sistemli işlər aparılır. Bu çərçivədə Birinci Türkoloji Qurultayın ideyalarının müasir Türk dünyası kontekstində elmi təhlili, ümumtürk dəyərləri və ortaq elmi yaddaşın formalaşdırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Daha sonra AR Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun və Xəzər Universitetinin nümayəndələri çıxış edərək qeyd olunanlar barədə fikirlərini bildiriblər.
Rəyasət Heyəti tərəfindən qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.
