WUF13:Azərbaycanın Beynəlxalq Nüfuzunun Növbəti Təntənəsi

WUF13:Azərbaycanın Beynəlxalq Nüfuzunun Növbəti Təntənəsi
  • Cəmiyyət

  • Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı şəhərsalma siyasətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

    17-22 may tarixlərində Bakıda keçirilən WUF13 forumu “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuşdur. Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin miqyasını və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində çıxışı zamanı Azərbaycanın urbanizasiya, şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərini diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

    Tədbirin əhəmiyyətini artıran digər bir amil onun Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin qeyd edildiyi tarixi bir dövrə təsadüf etməsidir. WUF13 ilk növbədə, Azərbaycanın qədim şəhər memarlığına malik mədəniyyət vizyonunu təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident çıxışında bu məsələyə xüsusi olaraq toxundu və bu, təsadüfi deyil, çünki qədim dövlətçilik ənənəsinə malik Azərbaycan həm də şəhər sivilizasiyalarının mərkəzlərindən biridir. 
    Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yeni innovativ şəhərsalma layihələri, “ağıllı tikinti” modelinin dünyaya tanıdılması baxımından da mühüm təşviqat kursu kimi səciyyələndirilə bilər. Şəhərlərin baş planları hazırlanarkən müasir urbanizasiya standartları, ekoloji tarazlıq və dayanıqlı inkişaf prinsipləri əsas meyarlar kimi qəbul edilir, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında bu ənənə və arxitektura, innovasiya və texnoloji yanaşmalar üstünlük təşkil edir ki, həmin şəhərsalma təcrübəsi dünyada xüsusi maraq doğurur.

    Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Bakının ev sahibliyi etməsi, Azərbaycanın qlobal səviyyədə aparıcı dialoq mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. COP29 kimi mötəbər sammitin ardınca WUF13 forumunun da ölkəmizdə reallaşması Azərbaycanın dünya miqyaslı siyasi və humanitar proseslərdə artan nüfuzunun bariz nümunəsidir. Şübhəsiz ki, bu platforma Azərbaycanın müasir urbanizasiya, dayanıqlı inkişaf və postmünaqişə dövrünün bərpası sahəsindəki uğurlarını beynəlxalq birliyə çatdırmaq üçün mühüm fürsətdir. Prezident İlham Əliyevin açılış nitqindəki əsas tezislər isə ölkənin gələcək inkişaf xəttini və qlobal şəhərsalma meyillərindəki fəal rolunu aydın şəkildə ortaya qoyur.

    Nizami Məmmədov,
    YAP Masallı rayon təşkilatı Öncəqala ərazi partiya təşkilatının sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər