Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayevanın həmmüəllif olduğu “Sterculiaceae family systematics in context of histological transverse sectioning of foliar anatomy in changing climate” (Dəyişən iqlim şəraitində yarpaq anatomiyasının histoloji eninə kəsilməsi kontekstində Sterculiaceae fəsiləsinin sistematikası) adlı elmi məqalə “Annals of Applied Biology” jurnalında (WOS, Scopus, Q2) çap olunub.
Məqalə Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan və Albaniyanın aparıcı elmi qurumlarını təmsil edən alimlərin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.
Tədqiqat Sterculiaceae fəsiləsinə aid bəzi bitki növlərinin yarpaq quruluşundakı anatomik fərqlərin öyrənilməsinə həsr edilib. Nəticələr göstərib ki, bu fəsiləyə aid növlər arasında, xüsusilə yarpaq səthinin quruluşu baxımından əhəmiyyətli fərqlər mövcuddur. Statistik analizlər növlər arasındakı anatomik fərqlərin elmi əsaslarla qruplaşdırılmasına imkan verib. Əldə olunan nəticələr bitki sistematikası, taksonomiya, anatomiya və iqlim dəyişiklikləri şəraitində bitkilərin uyğunlaşma mexanizmlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.