AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ florası” kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ florası” kitabının təqdimatı olub
  • Cəmiyyət

  • Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun şanlı Zəfərə ithaf etdiyi “Qarabağ florası” kitabının təqdimat mərasimi keçirilib.

    Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilən kitabın müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevadır.

    Təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, tanınmış ziyalılar, botanik alimlər,  ali təhsil müəssisələrinin təmsilçiləri, KİV və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

    Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq təbiətşünas alimlərin çoxillik tədqiqatlarının nəticəsi olan “Qarabağ florası” kitabının elmi əhəmiyyətini vurğulayıb. O, nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin elmi təsnifat əsasında bütün dövrlər üzrə obyektiv xəritəsinin yaradıldığını bildirib.

    AMEA rəhbəri Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması istiqamətində ölkə ərazisində nadir bitki növlərinin, heyvanlar aləminin diqqətlə araşdırıldığını və ciddi tədqiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yeni nəşrdə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Botanika İnstitutunun əməkdaşları tərəfindən uzun illər tədqiqatdan kənarda qalmış Qarabağ ərazisində aparılmış araşdırmaların nəticələri öz əksini tapıb. “Qarabağ florası” kitabı təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətindən sonra mövcud boşluğu doldurmağa xidmət edən sanballı elmi tədqiqat əsəridir.

    Akademik İsa Həbibbəyli botanik alimlərimizin Qarabağa səfərləri, ekspedisiyaları və etnobotaniki tədqiqatları nəticəsində ərsəyə gəlmiş nəşrdə həmin bölgədə yayılan nadir, endemik, dərman bitkiləri, mamır və yosun nümunələrinin tədqiq edildiyini, onların bioekoloji xüsusiyyətlərinin, yayılma coğrafiyasının ətraflı öyrənildiyini deyib.

    AMEA prezidenti kitabda Qarabağa aid 2000-dən çox ali bitki, 400-dən çox göbələk növü,  eləcə də 91 növ nadir bitki haqqında qiymətli elmi məlumatların toplanıldığını söyləyib. Bildirib ki, bu əsər Qarabağın zəngin florası, əsasən dərman bitkiləri, nadir və endemik növləri haqqında aydın elmi təsəvvür yaradır və kitabın hər istiqaməti xüsusi tədqiqatın mövzusu olmağa layiqdir.

    O, nəşrdə bitkilərin latın dilində də adlarının göstərildiyini deyərək, bu üsulun Qarabağın bitki aləminin dünyaya tanıdılması baxımından önəmini qeyd edib.

    Akademik İsa Həbibbəyli geniş əhatə dairəsinə malik sanballı tədqiqat əsərini yüksək qiymətləndirib, kitabın Qarabağın zəngin florası haqqında yeni monoqrafiyaların, dissertasiyaların, elmi məqalələrin meydana çıxmasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

    Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək Qarabağ fatehi cənab Prezident İlham Əliyevin doğum günü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ ərazisinin bitki örtüyünü əhatə edən əsərin qiymətli elmi mənbə olduğunu qeyd edib.

    Akademik İsa Həbibbəyli geniş əhatə dairəsinə malik sanballı tədqiqat əsərini yüksək qiymətləndirib, kitabın Qarabağın zəngin florası haqqında yeni monoqrafiyaların, dissertasiyaların, elmi məqalələrin meydana çıxmasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

    Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək Qarabağ fatehi cənab Prezident İlham Əliyevin doğum günü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ ərazisinin bitki örtüyünü əhatə edən əsərin qiymətli elmi mənbə olduğunu qeyd edib.

    Sadiq Qurbanov bildirib ki, Məhəmməd Yusif Şirvani XVIII əsrdə yazdığı “Tibbinamə” kitabında Qarabağ torpaqlarında yetişən bitki örtüyünün botaniki tərkibindən, xalq  təbabətinə müsbət təsirindən bəhs edib. Komitə sədri Qarabağın müalicəvi su ehtiyatlarına, təmiz iqlimə, münbit, məhsuldar torpaqlara, zəngin floraya, biomüxtəlifliyə və ekosistemə malik olduğunu vurğulayıb.

    O, çoxillik böyük zəhmətin və səmərəli axtarışların nəticəsi olan əsərin tədqiqatçı-alimlər və gələcək nəsillər üçün  elmi mənbə rolunu oynayacığını söyləyib. Vurğulayıb ki, “Qarabağ florası” kitabı Qarabağ florası haqqında ətraflı və dolğun məlumat əldə etmək istəyənlər üçün əvəzsiz vəsaitdir.

    Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra botanik alimlər tərəfindən həmin ərazilərdə genişmiqyaslı tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində Qarabağda və Şərqi Zəngəzurda əvvəllər qeydə alınmamış bir sıra nadir, endemik və relikt növlər aşkarlanıb və onların arealları dəqiqləşdirilib. Həmin növlərdən bəziləri beynəlxalq mühafizə statusuna malik olmaqla yanaşı, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrində də yer alıb.

    Akademik İradə Hüseynova ictimaiyyətə təqdim olunan nəşrdə də Qarabağ florasının zəngin biomüxtəlifliyi, bitkilərin təsnifatı haqqında elmi cəhətdən sistemli məlumatların yer aldığını söyləyib. Qeyd edib ki, kitaba 8 xəritə, 10 cədvəl, 300 relikt və endemik bitkilərin, o cümlədən 91 növ nadir bitkinin illüstrasiyası daxil edilib. Əsərdə, həmçinin ali bitkilərin, mamır və şibyə növlərinin botaniki xüsusiyyətləri əks olunub.

    Vitse-prezident  Qarabağın və Şərqi Zəngəzur regionunun təbiətinin yalnız ölkənin milli sərvəti deyil, həm də Qafqazın ekoloji davamlılığı baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Qarabağ florasının tətbiqi və gələcək nəsillərə təbii irsin ötürülməsi baxımından yeni nəşrin əhəmiyyətini qeyd edib.

    Nəşrin müəllifi və redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva çıxış edərək kitab haqqında ətraflı məlumat verib. Bildirib ki,  Botanika İnstitutu yaranandan bəri ilk dəfə olaraq Azərbaycanda Qarabağ florası haqqında belə bir kitab nəşr olunub. Ümumilikdə 900 səhifədən ibarət olan kitabda şanlı Zəfərdən sonra Botanika İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən Qarabağ ərazisinin zəngin florası əsasında aparılmış elmi tədqiqatların nəticələri yer alıb.

    Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi biologiya üzrə fəlsəfə doktoru Babək Əlibəyov, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, “Botanika İnstitutu” PHŞ-nin Ali bitkilərin sistematikası şöbəsinin müdiri professor Aydın Əsgərov və başqaları çıxış edərək təqdim olunan kitab barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər