Noyabrın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimat mərasimi keçirilib.
Nəşrin müəllifləri UNESCO-nun eksperti, Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva, elmi redaktoru isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovdur.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsini tarixi hadisə kimi dəyərləndirib. Akademik mötəbər COP29 tədbiri ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsinin elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı AMEA-da çoxsaylı tədbirlərin təşkil edildiyini, müxtəlif kitab və məqalələrin çap olunduğunu diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideallarının işığında Azərbaycanın hərtərəfli inkişaf etdiyini söyləyən alim vurğulayıb ki, respublikamızın ayrı-ayrı mərhələlərdəki uğurları və nailiyyətləri müasir Azərbaycanın qurucusu, parlaq ideyaları ilə xalqımızın, millətimizin yoluna nur saçan dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir epoxasını yaratmağa nail olmuşdur.
“Azərbaycana daha böyük uğurlar gətirəcək COP29 beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır və Prezident İlham Əliyevin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir”, - deyən AMEA rəhbəri vurğulayıb ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən coxcəhətli, çoxvektorlu, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.
O, COP29 çərçivəsində elmi məsələlərə dair geniş müzakirələrin aparılacağını da qeyd edib. Akademik İsa Həbibbəyli, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində leksikamıza yaşıl dünya ilə bağlı “yaşıl iqtisadi zona”, “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiya”, “yaşıl energetika”, “yaşıl artım” kimi müxtəlif yeni anlayış və baxışların, yeni istiqamətlərin daxil olduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının elmi məziyyətlərindən də danışaraq bildirib ki, nəşrdə ekoloji sivilizasiya - istehlak cəmiyyətindən mədəni, ekosivil istehlak cəmiyyətinə keçidlə bağlı ölkədə və dünyada gedən proseslər izlənilib. O, kitabın alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, ictimaiyyətin maarifləndirilməsi baxımından önəmini qeyd edib, müəlliflərə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra nəşrin həmmüəllifi Nizami Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, COP29 tədbiri ilə əlaqədar kitab vaxtından əvvəl çap olunub. Qeyd edib ki, üç dildə nəşr olunan kitabın yeniliyi onun inteqrativliyində, fəlsəfi, təbiət elmləri, texnoloji və siyasi məsələlərin üzvi birləşməsindədir. Nəşrdə müasir elmin məlumatlarına əsaslanaraq enerji istehsalının iqlim dəyişmələrində rolu, bu mürəkkəb dinamik prosesdə təbii və antropogen faktorların qarşılıqlı əlaqəsi müəyyən edilir.
Onun sözlərinə görə, kitabda iqlim dəyişmələrinin qlobal geofiziki, ekoloji və sosial-iqtisadi nəticələrinə də diqqət yetirilir. İqlim dəyişmələrinin idarə olunmasının mövcud səviyyəsi və bu sahədə beynəlxalq razılaşmaların rolu qiymətləndirilir. Bundan başqa, meşələrin qorunması, yaşıllıq sahələrinin artırılması, dünya okeanının çirklənməsinin qarşısının alınması kimi iqlim tənzimləmə mexanizmlərinin dəstəklənməsinin zəruriliyi əsaslandırılır.
Professor Nizami Məmmədov bildirib ki, Azərbaycan modelinin külək və günəş energetikasının tətbiqində xüsusiyyətləri kitabda ətraflı şəkildə açıqlanır və ölkənin bərpaolunan enerji mənbələrinin misilsiz yüksək potensialına malik olması göstərilir. Həmçinin Azərbaycan neft elmini dünya miqyasında təmsil edən akademik Yusif Məmmədəliyevin yaşıl energetikanın inkişafına verdiyi töhfələr kitabda xüsusi vurğulanır.
Professor əlavə edib ki, kitabda Beynəlxalq Hidrogen Energetikası Assosiasiyasının (IAHE) yaradıcısı və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) hidrogen enerji texnologiyaları üzrə Beynəlxalq Mərkəzinin qurucusu professor Turxan Nejat Vəziroğlunun hidrogen mövzusunun tədqiqinə verdiyi töhfələr də qeyd olunub. Nəşrdə Azərbaycanda bərpaolunan enerji mənbələrinə əsaslanan energetikanın inkişafının təbii qaz və neftin qənaət edilməsinə, istixana qazlarının emissiyasının azalmasına, elektrik enerjisinin ixracına, yeni texnoloji istiqamətlərin, istehsalatların və müvafiq iş yerlərinin yaradılmasına imkan verəcəyi vurğulanır.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov çıxış edərək kitabın bəşəriyyətin xilası vasitələrindən biri kimi önəmini vurğulayıb, nəşrin qarşıdan gələn COP29 tədbiri üçün töhfə olduğunu söyləyib. Sadiq Qurbanov bildirib ki, Azərbaycan dünyada baş verən proseslərin önündə gedir. Bu gün Azərbaycan güc sahibidir və COP29-un Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.
Komitə sədri vurğulayıb ki, Azərbaycan artıq 33 ildir müstəqil dövlətdir. Bu müddət ərzində ölkəmizdə çox mühüm dəyişikliklər baş verib, Azərbaycan böyük inkişaf yolu keçib. “Bakıda keçiriləcək COP29 tədbiri qlobal iqlim dəyişikliyi səylərində əsas addımlardan biridir. COP29-da iqlim yardımı üçün iddialı maliyyə hədəfinə nail olmağa çalışacağıq”, - deyən komitə sədri bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə etdiyini vurğulayıb. Bildirib ki, dövlət başçısı İlham Əliyev yeniliklərə çevik reaksiyası ilə də inkişaf proseslərinin önündə addımlayan, əhəmiyyətli dəyişikliklər yaradan və bu dəyişiklikləri düzgün yönəldən liderdir.
O, dünyamızın üzləşdiyi iqlim dəyişmələri, ölkəmizin yaşıl enerji mərkəzinə çevrilməsi, qlobal ekoloji problemlər kimi mühüm məsələlərə də toxunub. Qeyd edib ki, kitabda xüsusi diqqət bəşəriyyətin yaşıl energetikaya keçidinin iqlim əsaslarına yönəldilir. Bu yanaşma yaşıl energetikaya keçidin təbii-tarixi bir proses olduğunu düşünməyə imkan verir və onu dayanıqlı inkişaf nəzəriyyəsi və ekoloji sivilizasiyanın formalaşması kontekstində nəzərdən keçirməyi tələb edir.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, DİA-nın rektoru akademik Urxan Ələkbərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov bildiriblər ki, kitabda müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təhlükəsiz inkişafa keçid yolunda olmasından çıxış edirlər. Qeyd olunub ki, nəşrdə dövlətin enerji siyasətində etdiyi dəyişikliklər yüksək qiymətləndirilir. Üç dildə nəfis şəkildə çapdan çıxmış kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsaitdir.
Sonda nəşrin digər həmmüəllifi professor Sevda Məmmədəliyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir bədii hissə ilə başa çatıb. Tədbirdən sonra qonaqlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları” fondu və Akademiklər zalında yerləşən “Diplomatik fond”u ilə tanış olublar.