Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatından mühazirə oxuyub

Akademik İsa Həbibbəyli çinli tələbələrə Azərbaycan ədəbiyyatından mühazirə oxuyub
  • Cəmiyyət

  • AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda təkmilləşmə dərslərində iştirak edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

    Mərkəzi Elmi Kitabxanada təşkil olunan görüşdən əvvəl Akademiya rəhbərliyi və tələbələr MEK-in foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

    Sonra çinli tələbələr Kitabxananın sərgi zalı ilə tanış olub, burada nümayiş etdirilən AMEA əməkdaşlarının müəllifi olduğu təsviri sənət nümunələrinə baxıblar. Tələbələr Ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həsr olunmuş guşələr, eyni zamanda Qarabağ müharibəsi qəhrəmanları fondu və AMEA təsisçilərinin büstləri ilə tanış olublar.

    Akademik İsa Həbibbəyli tələbələrə tanış olduqları guşələr və ekspozisiyalar barədə ətraflı məlumat verib. Xüsusilə AMEA-nın təsisçilərinin elmi irsi, akademiyanın formalaşmasındakı rolu və Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb.

    Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə noyabrın 3-də keçirilən AMEA-nın 80 illik yubiley yığıncağı barədə məlumat verən AMEA rəhbəri bu mötəbər tədbirdə Çin alimlərinin də iştirakı etdiyini, iki ölkə arasında elmi əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyulduğunu xüsusi vurğulayıb. Azərbaycan və Çin arasında uzun illərdir formalaşmış strateji tərəfdaşlığın elmi-mədəni sferada da öz bəhrəsini verdiyini deyən akademik İsa Həbibbəyli bu sahədə Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin fəaliyyətini yüksək qiymətləndirib.

    Görüşün davamında akademik İsa Həbibbəyli çinli tələbələrə “Azərbaycan ədəbiyyatında ədəbi cərəyanlar” mövzusunda mühazirə keçib.

    Akademik Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların tarixi inkişaf mərhələlərini ardıcıllıqla diqqətə çatdırıb. Bildirib ki, müxtəlif dövrlərdə meydana çıxan ədəbi cərəyanlar xalqın ictimai şüurunun formalaşmasında mühüm rol oynayıb və milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılmasına xidmət edib.

    Alim, xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində inkişaf edən tənqidi realizm və romantizm cərəyanlarını ətraflı şəkildə şərh edib. Qeyd edib ki, tənqidi realizm nümayəndələri cəmiyyətdəki sosial ədalətsizlikləri açıq şəkildə tənqid etməklə, xalqın maariflənməsinə və sosial düşüncənin oyanmasına təkan veriblər. Romantizm ədəbi cərəyanı isə ədəbiyyatda azadlıq ideyalarının, mənəvi saflığın və yüksək insani dəyərlərin formalaşmasına şərait yaradıb.

    Akademik İsa Həbibbəyli Azərbaycanda dekadentizm, neorealizm, modernizm, magik realizm və postmodernizm ədəbi cərəyanlarının tarixi inkişafı, əsas xüsusiyyətləri və Azərbaycan ədəbiyyatına təsirlərindən bəhs edib. Hər bir cərəyanın xüsusiyyətlərini nümunələrlə izah edərək, onların ədəbi yaradıcılıqda ifadə etdiyi ideya və dəyərləri diqqətə çatdırıb.

    Mühazirə böyük maraqla qarşılanıb, AMEA rəhbəri tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.

    Daha sonra akademik İsa Həbibbəyli tələbələrə AMEA-da nəşr olunan monoqrafiyalar, həmçinin müəllifi olduğu kitablar, eləcə də bədii əsərlər hədiyyə edib və birgə xatirə şəkli çəkdirilib.

    Çinli tələbələr AMEA Rəyasət Heyəti aparatının inzibati binası ilə də tanış olub, binanın tarixi, memarlıq xüsusiyyətləri və Akademiyada aparılan elmi-təşkilati işlər barədə məlumat alıblar.

    Sonda tələbələr görüşün və Azərbaycan ədəbiyyatına aid xüsusi mühazirənin səmimi mühitdə təşkilinə və əhatəli mühazirəyə görə akademik İsa Həbibbəyliyə dərin minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri hazırda müvafiq olaraq Xəzər Universiteti və Bakı Dövlət Universitetində üçüncü kursun təkmilləşmə dərslərində iştirak edirlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər