
Dünya tibb elminin inkişafında əvəzsiz rol oynamış akademik Mustafa Topçubaşovun zəngin irsi və əziz xatirəsi ölkəmizin ictimaiyyəti tərəfindən daim hörmət və minnətdarlıqla yad edilir.
Bu sözləri AR səhiyyə naziri Teymur Musayev oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş yubiley tədbirində deyib. Teymur Musayev qeyd edib ki, akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir. O qeyd edib ki, Mustafa Topçubaşov dövrün elm mərkəzlərindən sayılan Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, intensiv praktik fəaliyyəti ilə elmi araşdırmalara böyük maraq göstərmişdir. Onun uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işlədiyini deyən Teymur Musayev bildirib ki, bu sahədə apardığı elmi axtarışlar Mustafa bəyə 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu - inyeksion efir-yağ narkozunu daxil etməyə imkan vermişdir.
“1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilmişdir. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq A.Vişnevski adına mükafata və diploma layiq görülmüşdür. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib”, - deyə nazir diqqətə çatdırıb.
Teymur Musayev vurğulayıb ki, onun tibb elmində irəli sürdüyü yeniliklərdən biri də borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsuludur. Eyni zamanda, Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəz kimi həyati orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarla müdaxilənin müəllifi olaraq, urologiya, travmatologiya, neyrocərrahiyyə, abdominal və torakal cərrahiyyə sahələrində mühüm yeniliklərə imza atmışdır.
Mustafa Topçubaşovun genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olduğunu və yüksəkixtisaslı həkim kadrların hazırlanmasında böyük xidmətlər göstərdiyini deyən nazir onun layihəsi üzrə kafedrada tələbələrə cərrahi müdaxilənin bütün gedişatını izləməyə imkan verən operasiyon - auditoriyanın təşkil edildiyini vurğulayıb. Bildirib ki, onun qələmə aldığı beş cildlik “Xüsusi cərrahlıq” dərsliyi faktiki materiallar, elmi əsaslandırmalar və əhatəli təsvirləri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.
“Mustafa Topçubaşovun xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində və bölgələrdə küçələr onun adı ilə adlandırılıb. Haqqında filmlər çəkilib, adına poçt markası buraxılıb. Bakıda onilliklər boyu əhaliyə yüksək keyfiyyətli tibb xidməti göstərən Elmi Cərrahiyyə Mərkəzi onun adını daşıyır. Səhiyyə Nazirliyinin akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Topçubaşovun ömür yolu bu gün cərrahlığı məslək seçən, cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir. Həkimlik peşəsini özünə əqidə seçən hər bir kəs ömründə bircə dəfə də olsun Mustafa bəylə çiyin-çiyinə durmaq, elmi təfəkküründən bir zərrə alıb parlamaq arzusunda olmuşdur”, - deyə Teymur Musayev qeyd edib.