AMEA-da akademik Fazil Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-da akademik Fazil Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
  • Cəmiyyət

  • Aprelin 4-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış cərrah-alimi, akademik Fazil Səməd oğlu Qurbanovun anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları İkinci Fəxri xiyabanda akademik Fazil Qurbanovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
    AMEA-nın Əsas binasında keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin alimləri, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin, Azərbaycan Tibb Universitetinin (ATU) II Cərrahi xəstəliklər kafedrasının, Mərkəzi Klinik Xəstəxananın, Siyasi Kommunikasiyaların Modelləşdirilməsi Mərkəzinin kollektivi və akademik Fazil Qurbanovun ailə üzvləri iştirak ediblər.

    Tədbirdən öncə akademik Fazil Qurbanovun həyat və yaradıcılığını əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.
    Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycan tibb elmi və səhiyyəsi sahəsində tanınmış alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fazil Qurbanovun böyük xidmətləri nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən alimin 80 illik yubileyi haqqında qərarın qəbul olunduğunu və tədbirin həmin qərar əsasında keçirildiyini söyləyib. Qeyd edib ki, akademik Fazil Qurbanov böyük alim, cərrah, alicənab, parlaq insan idi və Rusiyada yaşayıb fəaliyyət göstərsə də, dövlətinə, xalqına sədaqətli şəxsiyyət kimi qəbul olunurdu.

    Akademik Fazil Qurbanovun cərrahiyənin istər praktiki, istərsə də elmi istiqamətlərinin inkişafında müstəsna xidmətləri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, alimin elmi tədqiqatlarını əsasən, mədə xorasının cərrahi müalicəsi, əməliyyat olunmuş mədədə rekonstruktiv bərpa, qida borusunun xərçəngi, qarın boşluğu orqanlarının cərrahi əməliyyatları və s. təşkil edirdi və onun elmi tədqiqatlarının nəticəsi həm Azərbaycanda, həm də Rusiyada çap olunmuşdur.

    AMEA rəhbəri vurğulayıb ki, Fazil Qurbanov cərrah fəaliyyəti dövründə saysız-hesabsız şəxsi əməliyyat edib, həmçinin bir çox pasiyenti düzgün yönləndirməklə onların həyatında mühüm rol oynayıb.

    Natiq akademik Fazil Qurbanovun Azərbaycan Tibb Universitetində və Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasında pedaqoji fəalliyətlə məşğul olaraq bu sahədə yüksəkixtisaslı kadr hazırlığı işinə də xüsusi töhfələr verdiyini deyib. Akademik Fazil Qurbanovun ölkəmizdə tibb elminin inkişafı və yüksəkixtisaslı həkim kadrların hazırlanması üzrə xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görüldüyünü söyləyib.

    Bundan əlavə, alimin Rusiyada Azərbaycan diasporunun təşkilatlanmasında, Azərbaycan və Rusiya cərrah və alimləri arasında körpünün qurulmasında, birgə tədbirlərin həyata keçirilməsində müstəsna xidmətlərindən danışıb.

    Çıxışının sonunda akademik Fazil Qurbanovla bağlı xatirələrini bölüşən AMEA prezidenti görkəmli alimin xatirəsinin daim onu sevənlərin və tələbələrinin qəlbində yaşayacağını bildirib.

    Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov isə çıxışında elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi ənənəsinin təqdirəlayiq olduğunu, bu ənənənin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Preziden İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

    Akademik Fazil Qurbanov və onun ailəsi ilə tanışlığının uzun illərə söykəndiyini deyən akademik Əhliman Əmiraslanov alimin SSRİ Tibb Elmləri Akademiyasının Ümumrusiya Elmi-Tədqiqat Mərkəzində cərrahiyyə üzrə doktorantura təhsili alaraq məşhur SSRİ cərrahı akademik Aleksandr Çernousovun məktəbini keçdiyini bildirib. Həmçinin akademik Fazil Qurbanovun yüksəkixtisaslı cərrah kimi yetişməsində akademik Böyükkişi Ağayevin mühüm rolu olduğunu vurğulayıb.

    Akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Fazil Qurbanov ölkəsinə, ailəsinə bağlı insan olub və övladlarının da yüksəkixtisaslı peşəkar kadr kimi yetişməsinə çalışıb və bu gün onun övladları şərəflə dövlətimizə, vətəndaşlarımıza xidmət edirlər.

    AR səhiyyə nazirinin müavini Nadir Zeynalov isə çıxışında tədbir iştirakçılarını Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin adından salamlayıb, görkəmli şəxsiyyətlərimizin irsini xalqımızın yaddaşında qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, akademik Fazil Qurbanov dövrünün ən qabaqcıl mərkəzində çalışıb, öyrənib, bilik və bacarıqlarını xalqına xərcləyib və özünün böyük məktəbini yaratmaqla hələ də xalqımıza xidmətini davam etdirir.

    Yubiley tədbirində çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Fazil Qurbanov çox məhsuldar bir alim olub, 280-dən çox elmi əsərin, o cümlədən, 8 monoqrafiyanın, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri üçün hazırlanmış 4 dərslik və metodiki vəsaitin, 13 ixtira və 7 səmərələşdirici təklifin müəllifi olub. Alimin əsərləri çoxillik fundamental və kliniki tədqiqatların mühüm nəticələrini əks etdirməklə, xüsusi sanbalı ilə seçilib və hər biri tibb elminə dəyərli töhfələr hesab edilir.

    O qeyd edib ki, elmi kadr hazırlığında da Fazil müəllimin gördüyü işlər təqdirəlayiqdir və akademikin məsləhətçiliyi və elmi rəhbərliyi ilə 30-a yaxın doktorluq və namizədlik dissertasiyası müdafiə olunub. Onun yaratdığı elmi məktəbin davamçıları sırasında həm Azərbaycanda, həm MDB məkanında, həm də digər xarici ölkələrdə yaxşı tanınan, insanların sağlamlığının keşiyində dayanmaqla, həmçinin ölkəmizə şöhrət gətirən onlarla alim və təbib vardır.

    Akademik İradə Hüseynova vurğulayıb ki, alim fəaliyyəti dövründə cərrahi müalicədən sonra kardiospazm residivləri zamanı pnevmatik kardiodilyatasiyanın yaranma mexanizmlərini araşdırmış, xərçəng və qida borusunun xoşxassəli strikturları zamanı birmomentli ezofaqoplastikanın üstünlüklərini göstərmişdir. Həmçinin həzm traktının xoşxassəli və bədxassəli xəstəliklərinin cərrahi və konservativ müalicəsində bir sıra yeni metodları uğurla tətbiq etmişdir.

    “Fazil müəllim yüksək insani keyfiyyətləri, səmimiyyəti, ətrafında olan hər kəsə xoş niyyətlə yanaşması, milli-dənəvi dəyərlərə və Azərbaycan dövlətçiliyinə sarsılmaz sədaqəti, gənclərə yüksək diqqət və qayğı göstərməsi ilə seçilən bir insan, elm adamı, ağsaqqal idi. Yüksək elmi bilikləri və dərin erudisiyası, rəhbərlik qabiliyyətləri ilə yanaşı, qeyd edilən xüsusiyyətləri alimə elmi ictimaiyyətdə böyük hörmət və nüfuz qazandırmışdı”, - deyə natiq vurğulayıb.

    Sonra akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş elmi işçisi tibb elmləri doktoru, professor Zərraf Şirinov “Akademik Fazil Qurbanovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

    Bundan əlavə, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru tibb elmləri doktoru, professor Rauf Ağayev, ATU-nun II Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Surxay Hadıyev, Mərkəzi Klinik Xəstəxananın baş həkiminin müavini tibb elmləri doktoru Zaur Xəlilov və Siyasi Kommunikasiyaların Modelləşdirilməsi Mərkəzinin rəhbəri texnika elmləri doktoru, professor Kamran Rüstəmov çıxış edərək akademik Fazil Qurbanovun həkim-cərrah fəaliyyətindən danışıb, onun yüksək insani keyfiyyətə malik olduğunu deyiblər.

    Sonda akademik Fazil Qurbanovun ailə üzvləri adından qızı, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru tibb elmləri doktoru, professor Cəmilə Qurbanova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


    Müəllif: leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər