Araz , səndən kim keçdi...

Araz , səndən kim keçdi...
  • Cəmiyyət

  • Videodakı adam Arazın qırağında dayanıb onunla danışır. Baxıb duyğulandım, az qala ürəyim sinəmdən çıxacaqdı. Hisslərin bütün cizgiləri bu videoda o qədər gözəl ifadə olunmuşdu ki...

    Taleyinə bax Arazın... Adına nə qədər bayatı bülənd olub. Ürək dağlayan, insanın qəlbini oyub-aparan… 

    Hər bayatının  enerjisi, tilsimi var. Oxuyanda sanki yer adamın ayağının altından qaçır, nəfəs daralır. Ürək sinədən çırpılıb çıxır. Adam öz-özünə deyir: bu sözləri kimə desən, dəli olar, çöllərə düşərdi.

    Araz, Araz, Xan Araz!
    Sultan Araz, Xan Araz!
    Çayın, çeşmən qurusun,
    Mənim təki yan, Araz.

    Xalq dilinin, milli-mənəvi dəyərlərin bütün incəliklərini əks etdirən bu dördlükdə nələr yoxdur ki? Arazı “xan” bilən ağzıdualı nənələrimizin, dünyanın acısını-şirinini dadan, eniş - yoxuşunu görən pir olmuş babalarımız hansı məqamda bu sözləri deyib? Onu da gözəgörünməz bilir..
    Bəlli həqiqət Arazın  saysız ayrılıqlar, uzun həsrətlər yaşatmağı, dağ çəkməyidir bizə.

    Araz eninə - uzununa günah içindədir. Sakit, boynu bükük axsa da, hər damlası bir fəryad, hər dalğası bir nisgilli ləpə döyür 
    Oturub fikirləşəndə adamın gözünə tor gəlir. Arazın bir tayında qardaş, o biri tayında bacı gecə səhərə qədər ağlayıb, göz yaşını axıdıb bu dilsiz - ağızsız axan çaya, fəryadını eşitdirib. Di gəl səsinə səs verən olmayıb. Daşdan səs çıxıb , Arazın axan suyu qurumayıb.  Bacı - qardaşın göz yaşı sulara qarışıb, axıb, axıb uzaqlara gedib....

    Heç suyuna  də almayıb bu göz yaşlarını Araz !
    Adım kimi yadımdadır. Araz nisgilli, Şəhriyar qoxulu  böyük şairimiz Söhrab Tahir danışırdı ki, o tayda elə adamlar var , xəlvəti gəlib Arazla danışır, dərdini söyləyir, gileylənir, hətta qarğayırdılar.

    Giley - güzarın, ahların, nisgillərin , qarğışların sayını  Arazın özü bilmir heç... Biri, beşi keçib...
    Aşıqların söz bağladığı , qara sazda dedizdirdiyi qoşquların heç birini unutmadı bu xalq. Hamısını yaddaşlara yazıb, dillərdə dastana çevirdi.

    Bir bayatı da deyildiyi kimi:
    Araz qalmaz axmaqdan,
    Şimşək doymaz çaxmaqdan.
    Gözlərimə qan damdı,
    O taylara baxmaqdan

    Dərdlərimizin, taleyimizin tərcümanı Araz. Sınan qəlblərimizin, axan göz yaşlarımızın, həsrətlə dolu baxışlarımızın işığı,  bağrımızın başını göynədən Xan Araz.

    Dünyada elə bir xalq yoxdur ki, axan çayından umsun, küssün, barışsın. Xəbər yollayıb, ətər alsın  .  Qəribəsi odur ki , biz gözlədik…

    Araz, Araz, xan Araz,
    Dağlardan axan Araz.
    Elimdən xəbər gətir,
    Evimi yıxan Araz.

    Və dünyada elə bir xalq yoxdur ki, axan çayını qarğasın. Biz qarğadıq amma...

    Araz, Araz, Xan Araz,
    Sultan Araz, Xan Araz!
    Görüm səni yanasan,
    Bir dərdimi qan, Araz.

    Savalan Talıblı 


    PAYLAŞ:

    Oxşar xəbərlər