Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin ən böyük nailiyyətidir

Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin ən böyük nailiyyətidir
  • Cəmiyyət

  • Heydər Əliyev  hələ sovet dönəmində ölkəsinin iqtisadi müstəqilliyinə nail olmuşdu. Azərbaycan o zaman respublikalar  arasında Mərkəzdən dotasiya almayan yeganə respublika idi.Bəlkə elə buna görə idi ki,1982-ci ildə Yuri Andropov onu Moskvaya aparmaqla gülüstana çevirdiyi ,hər şeyi yerli-yataqlı olan Azərbaycandan ayırdı. Kim bilir, o, burada qalsaydı başımıza bu bəlalar gəlməzdi...

              Heydər Əliyevin Moskvaya irəli çəkilməsi ilə Azərbaycanın çətin günləri başladı.Moskvada hakimiyyətə sahib olmuş Qorbaçovun ermənipərəst siyasəti, müsəlmanların yaşadıqları respublikalara ögey münasibəti, Heydər Əliyevə qarşı antipatiyası ölkəni qarışdırdı.Fürsəti əldən verməyən erməni tülküsü öz canavar xislətini büruzə verdi. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olundu.Bakıda 20 yanvar qırğını,Xocalı soyqırımı... Daxildə Vətəni yox, öz şəxsi ambisiyalarının əsiri olan, torpaqları qorumaq əvəzinə Bakıya qoşun çəkib hakimiyyəti silah gücünə zəbt eləyən avantürüstlər.

               Ulu Öndər uzaqda olsa da ürəyi Vətəndə idi. Qanlı 20 yanvar günündə xəstə canıyla Azərbaycan nümayəndəliyinə gəlib Bakı qırğınını lənətlədi, buna qərar vermiş imperiya nökərlərini ifşa etdi. Sonra ailəsi ilə birlikdə Moskvanı tərk etdi. Bakı yelbeyinləri onun heç kimdə olmayan sərvətini-dövlətçilik, idarəçilik təcrübəsini qəbul etmədilər. Ulu Öndər Naxçıvana döndü.Amma çox çəkmədi ki, Heydər Əliyevə soyuq üz göstərənlər onu yalvar-yaxarla Azərbaycanda hakimiyyətə gəlməyə razı saldılar. Vətən xatirinə yox, öz canları xatirinə!

              Ulu Öndər uyunun 9-da Bakıya gələrkən  xaos ölkəni çətin vəziyyətə salmışdı. Məhz ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində dövlət çevirilişinə son qoyuldu.  Liderin ən böyük arzusu-dövlət müstəqilliyi təmin edildi. Bu müstəqilliyin ilk meyvəsi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” adlı neft kontraktı oldu. Nəticə olaraq dünya dövlətlərinin Azərbaycana marağı artdı.

               Heydər Əliyev  öz xalqını yaxşı tanıyır, ürəkdən sevirdi, xalqın mənafeyi naminə, xoş güzəranı naminə ondan başqa heç kimin bacara bilməyəcəyi işlər görürdü. Azərbaycan xalqının onda üzü gülmüşdü ki, ona o zamankı Mərkəz tərəfindən “öz kadrı” kimi göndərilmiş şəxs-Heydər Əliyev fenomen idi, nadir şəxsiyyət idi, uzun müddət qızılı paqonlar altında bəslənmiş, dolğunlaşmış fenomental fəlsəfi düşüncə sahibi idi. Hərtərəfli bilik sahibi olması, ən ekstremal ,çıxılmaz vəziyyətlərdən, qeyri-adi səbr, dözüm, mətanət, yeri gələndə qətiyyət və barışmazlıq sayəsində hünərlə çıxması onu qısa müddətdə xalqın sevimlisinə çevirdi. Ona təqdim olunmuş ali məqam-Prezident kreslosu, əslində, heç isinmədi. Heydər Əliyevin bir ayağı paytaxtda, rəsmi görüşlərdə, bir ayağı rayonlarda zəhmət adamlarının yanında idi.

               1969-cu ildən 1982-ci ilə qədər, yəni əslində az bir zaman müddətində Heydər Əliyev Azərbaycanı gülüstana çevirdi! Respublikada  elm, təhsil, sənaye, kənd təsərrüfatı, incəsənət  sahəsində görünməmiş nailiyyətlər əldə edildi. Azərbaycan abad, varlı-dövlətli, mərkəzdən rotasiya olmayan yeganə ölkəyə çevrilmişdi . Bütün bunlar məhz Heydər Əliyevin – Ulu Öndərin zəkası, fenomental iş bacarığı sayəsində mümkün olmuşdur. Heydər Əliyev əsas gücü neft sənayesinin və kənd təsərrüfatının inkişafına verməklə ən mühüm hədəfləri vururdu. Bununla belə, elmin, incəsənətin daim rəhbərin diqqət mərkəzində olması da təqdirəlayiqdir. O zaman Bakının bütün musiqi kollektivləri, müğənniləri, aktyorları kənd əməkçilərinin “qulluğunda” idilər. Rəşid Behbudov kimi nəhəng sənətkar günlərlə kənd klublarının səhnələrində konsertlər verirdi. Kəndlərdə təntənəli “Məhsul bayramları” keçirirdilər. Kurort putyovkalarına yiyə duran yox idi.  Axı, hər şey, hər şərait yerindəcə yaradılmışdı! Heydər Əliyev hər şeydən əvvəl, ürəyi eşq dolu vətənpərvər idi. O, canından əziz tutduğu Vətənə məhəbbətini dəfələrlə, yüz dəfələrlə işdə, əməldə sübut etdi. Özü bu barədə gözəl deyib: ”Bilirəm  ki, 40 ildən artıq bir müddət ərzində Azərbaycana bəxş etdiyim töhfələr-zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən olmayanda da Heydər Əliyev işləri kimi yaddaşlarda yaşayacaqdır”. Fikir verin: yaratdıqları, qurduqları, tikdikləri demir, sadəcə, Heydər Əliyev işləri deyir. Bəli, fenomenlər həmişə belə təvazökar olurlar. Onun qartal baxışları özünə qızıldan heykəl qoyduranların aqibətini görürdü. İçərisində yaşadığımız 2025-ci il Ulu Öndərin anadan olmasının 102-ci ilində müstəqil Azərbaycanımızın hər tərəfində Heydər Əliyevin nəfəsi duyulur, gələcəyimizi yönləndirən göstərişləri səslənir, başlıcası onun canlı yadigarı atasının arzusunu həyata keçirib 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” hayqırıb əzəli torpaqlarımızı düşmənin başını dəmir yumruqla əzib işğaldan azad edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dönmədən atasının  müəyyən etdiyi yolla gedir, onun işini davam etdirir. Ali BaşKomandan olaraq İlham Əliyev Ulu Öndərin ona əmanət etdiyi əziz Vətəni düşmənin hər cür hiyləsindən qorumaq üçün əlindən gələni edir. Həyatının mənasını yanlız müstəqil Azərbaycana, candan sevdiyi  xalqına xidmətdə görən rəhbər xəstəliyi də ayaq üstündə qarşıladı. Gözü yolda qalmışdı. Arxasında  güvəndiyi  xalq, bir də sədaqətli  siyasi varisi İlham Əliyev vardı. Odur ki, xalqımızın qəlbində Heydər Əliyev daim yaşayacaqdır. 

     



    Məhbubə Şahbazova,
    Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 nömrəli tam  orta məktəbin direktoru

     

     

     

     

     


    PAYLAŞ:

    Oxşar xəbərlər