
Azərbaycan və Mascarıstan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu vaxtadək iki ölkə arasında imzalanan onlarla sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Ölkələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə növbəti işgüzar səfəri bunun bariz nümunəsidir.
Onu bir daha qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfər təkcə iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan nüfuzunun bariz göstəricisi kimi tarixə düşdü. Prezidentin Budapeştdə mətbuata verdiyi bəyanat, həm məzmun, həm də mesaj baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan və Macarıstan arasındakı münasibətlər son illərdə sürətlə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi, infrastruktur layihələri, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq diqqət çəkir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir neçə mühüm istiqaməti əhatə etdi. Möhtərəm Prezident bildirdi ki, “Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur.
Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır.” Daha sonra “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür.”
Bəli,Azərbaycan təkcə regionda deyil, Avropada da etibarlı tərəfdaş kimi tanınır. İlham Əliyevin liderliyi ilə yürüdülən çoxşaxəli xarici siyasət Azərbaycanın maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir. Azərbaycan və Macarıstan arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə şübhə yoxdur.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeynin direktoru