
Azərbaycan və Gürcüstan uzun illərdir uğurlu əməkdaşlıq modeli yaradıb. Tarix boyu mehriban qonşuluq şəraitində yaşayan, milli-mənəvi adət-ənənələri birgə zənginləşdirən gürcü və Azərbaycan xalqları özləri, heç bir vasitəçi olmadan nümunəvi və sağlam münasibətləri qoruyub saxlaya biliblər. Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki tərəfin milli maraqları naminə mühüm məsələlərdə hər zaman bir-birinə dəstək nümayiş etdirirlər. Cənab İlham Əliyevin mətbuata bəyan etdiyi kimi iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ötən gün verdikləri birgə bəyanatlar Cənubi Qafqaz regionunda uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə və yeni strateji hədəflərin həyata keçirilməsinə yönələn diqqətlə hazırlanmış siyasi bir baxış təqdim etdi.
Azərbaycan və Gürcüstan strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, bir çox ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verməkdədir. Bu nəhəng layihələrin icrası daha geniş coğrafiya üçün böyük önəm daşıyır, ikitərəfli əməkdaşlığın inkişafına xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.
Siyasi sahədə prezidentlərin verdiyi açıq və qəti bəyanatlar həm daxildə ictimai arxayınlıq yaratmaq, həm də beynəlxalq aləmə güclü siqnal ötürmək funksiyasını yerinə yetirir. Beynəlxalq arenada isə liderlər arasında nümayiş etdirilən səmimiyyət və qarşılıqlı etimada əsaslanan dialoq Cənubi Qafqazda artan geosiyasi nüfuzun təzahürü kimi qəbul edilə bilər. Azərbaycan və Gürcüstan bir-birinə yaxınlaşaraq, regionda daha böyük gücləri tarazlaşdırmağa və qlobal geosiyasi sistemdə öz yerlərini qorumağa çalışırlar. Bu yanaşma sayəsində Azərbaycan və Gürcüstan Cənubi Qafqazı Şərqlə Qərb arasında strateji körpü, enerji və ticarət üçün dayanıqlı, çoxqütblü bir regional arxitekturanın əsas dayağı kimi təqdim etməyə nail olurlar.

Səməndər Təhməzov,
YAP Masallı rayon təşkilatının fəal üzvü