
“Şəhidlər and yerimizdir” adlı anım tədbiri keçirilib.
R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin adını fəxrlə daşıdığı Şəhid Rəfael Hüseynovun şəhidlik zirvəsinə ucalmasından 32 il ötür.
Bu münasibətlə 3-ç sinif rəhbəri Afət Hacıyevanın rəhbərliyi ilə şəhidin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə qonaq qismində Rəfael Hüseynovun atası Maarif Hüseynov və yaxınları iştirak ediblər. 3-ç sinif şagirdləri unudulmaz qəhrəmanın xatirəsini yad etmək üçü qəhrəmanın həyat yolundan söhbət açaraq ona həsr olunan şeirlər söyləyib, vətənpərvərlik ruhunda olan mahnıları ifa ediblər.
Onlar Vətən uğrunda ölənlərin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Tədbirin sonunda şəhidin atası Maarif Hüseynov çıxış edərək məktəb kollektivinə təşəkkürünü bildirdi.
Daha sonra məktəb-liseydə ucaldılan şəhidlər büstünün qarşısına tər güllər qoyulub.
Qeyd edək ki, şəhid Hüseynov Rəfael Maarif oğlu 1974-cü il mart ayının 4-də Zəngilan rayonunun Seyidlər kəndində anadan olmuşdur. Hüseynov Rəfael Maarif oğlu 1980-ci ildə Seyidlər kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsinə köçmüşdür. Həmin rayonun 49 nömrəli məktəbinə daxil olmuşdur. 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə 4 ay xidmət edib. Könüllü olaraq Ağdam rayonunun bir sıra kəndlərinin müdafiəsində iştirak etmişdir.
1993-cü il mart ayının 15-də Xramat kəndində qəhrəmancasına həlak olmuşdur. Subay idi. Rəfail hələ gənc olsa da düşmənin qarşısında əyilməyən bir vətən oğlu idi.
23 fevral 1994-cü il tarixində Bakı Şəhər Xalq Deputatları Sovetinin rəyasət heyətinin qərarı ilə 49 №-li məktəbə şəhidin adı verilmişdir.
Hal-hazırda təhsil aldığı 49 №-li "İntellekt" məktəb-lisey şərəflə onun adını daşıyır.
Allah bütün Şəhidlərimizə rəhmət etsin!














