Azərbaycanın növbəti uğuru-COP29

Azərbaycanın növbəti uğuru-COP29
  • Cəmiyyət

  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik respublikamız COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu. Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.
               
    COP29-un nəticəsi olaraq qəbul edilmiş qərarlar ətraf mühitin qorunması baxımından bütün dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 Sədrliyi olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu.
    Ətraf mühitin daha çox çirkləndiyi, bəşəriyyətin təhlükə altında olduğu bir dönəmdə bu cür uğurlu beynəlxalq nəticələrə gətirib çıxaran tədbirə ev sahibliyinin ölkəmiz tərəfindən edilməsi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdi.

    BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab etməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirməsi COP29-un uğurla yekunlaşdığının bariz göstəricilərindəndir.

    Qeyd olunanlar Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərinə xidmət edir. Təsadüfi deyil ki, bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmaqdadır.
                 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi nəticəsində COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsi bu tədbirin BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qalmasına səbəb oldu və bəşəriyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcı oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-da bəşəriyyətin gələcəyi naminə qəbul edilən qərarlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.






    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər