İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə olunub

İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə olunub
  • Cəmiyyət

  • “Ölkəmiz daha bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə mötəbər tədbirlərin keçirilməsində təcrübəsi olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi. İki həftəlik müddət ərzində davam edən tədbirdə mühüm əhəmiyyətli irəliləyişlər əldə edildi. Bu nailiyyətlər çoxtərəfli iqlim fəaliyyətində mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycanın COP29 sədrliyinin aylarla davam edən diplomatiyasının nəticəsidir.

    "Dövlətimizin başçısı, ötən ilin dekabrında bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulundan dərhal sonra keçirdiyi müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının növbəti böyük uğuru olacaq. Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezidentimiz bildirdi ki, biz buna layiqik. Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırdı".

    Prezidentimiz İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəli paylaşımında bu məqamları xüsusi vurğulayır ki, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
    Bütün böhtan və qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı. Yaddaqalan hadisələrdən biri də karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olmaqdı.

    Biz COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi olduq. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına ödəniləcək. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlətimizin başçısı belə bir əminliyi ifadə edir ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

    Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair Bəyanat da yaydı. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Geosiyasi parçalanmanın müşahidə edildiyi bu zamanda çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə inanmırdılar. 

     Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndiriblər.
    İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29 çərçivəsində Liderlərin Sammitində əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı. COP Atəşkəs Çağırışı 132 ölkənin və 1200-dən çox təşkilatın dəstəyini qazandı. Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq. 

    Ölkəmizin başçısı Cənab İlham Əliyev Azərbaycanın uğurlu nəticəyə əminliyinə diqqət çəkərək Liderlər Sammitində ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolunu da vurğuladı. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.  COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.

    Dilarə Hüseynova,
    YAP Masallı rayon təşkilatının fəal üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər