Tarix sadəcə təqvimlərdən və rəqəmlərdən ibarət deyil; o, bir xalqın milli yaddaşının, iradəsinin və varlıq mücadiləsinin aynasıdır. Azərbaycan xalqının dövlətçilik tarixi də məhz belə bir böyük mücadilənin salnaməsidir. Əsrlər boyu imperiyaların, böyük geosiyasi dalğaların çarpışdığı bir coğrafiyada sıxılıb qalan azadlıq ruhumuz, 1918-ci ilin may ayında tarixin axarını dəyişdirən bir möcüzəyə imza itdi.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi sadəcə yeni bir dövlətin yaranması xəbəri deyildi. Bu, Şərq dünyasında demokratiyanın, insan hüquqlarının və bərabərliyin ilk carçısı idi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk respublika olmaqla yanaşı, irqindən, dinindən və cinsindən asılı olmayaraq hər bir vətəndaşına eyni hüququ tanıdı. Qadınlara seçmək və seçilmək hüququnun bir çox qərb ölkələrindən daha əvvəl verilməsi, bu torpaqdakı parlaq mədəni intibahın və mütərəqqi düşüncənin ən bariz sübutu idi. Cəmi 23 ay yaşayan bu gənc respublika öz bayrağını, ordusunu, parlamentini və ilk universitetini quraraq gələcək nəsillərə silinməz bir miras qoydu.
İşğal səbəbindən bu müqəddəs çıraq bir müddət söndürülsə də, onun şüurlarda buraxdığı qığılcım heç vaxt sönmədi. Sovet imperiyasının ən sərt dövrlərində belə xalqımız öz milli kimliyini və müstəqillik arzusunu daxilində yaşatdı. XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasəti, bu qığılcımı yenidən alovlandırdı. Məhz onun formalaşdırdığı azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı və 1991-ci ildə müstəqilliyimizin yenidən bərpası üçün sarsılmaz mənəvi təməl yaratdı. Müasir Azərbaycan gənc respublikanın üçrəngli bayrağını, gerbini və himnini qəbul edərək onun siyasi varisi olduğunu fəxrlə elan etdi.
Zaman keçdi və birinci cümhuriyyətin yarımçıq qalmış arzuları, müstəqilliyimizin ən qüdrətli dövründə — bu gün tam mənası ilə çin oldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz tarixinin ən parlaq və şanlı səhifəsini yazdı. Cümhuriyyət qurucularının xəyal etdiyi, Ulu Öndərin isə vəsiyyət etdiyi bütöv Azərbaycan ideyası reallığa çevrildi. Şuşada, Xankəndidə və Qarabağın hər bir guşəsində dalğalanan üçrəngli bayrağımız, müstəqilliyimizin sadəcə bir kağız üzərində deyil, torpaq üzərində də tam bərqərar olduğunun hayqırtısıdır.
Bu gün 28 May - Müstəqillik Günü bizim üçün sadəcə keçmişi xatırlamaq günü deyil. Bu gün, 1918-ci ildə əkilən azadlıq fidanının bu gün qüdrətli bir çinara çevrilməsini, Zəfər qazanmış bir xalqın qürurunu və gələcəyə olan sarsılmaz inamını qeyd etdiyimiz ən müqəddəs bayramdır.

Xanım Əliyeva,
YAP Masallı rayon təşkilatı Mahmudavar ərazi partiya təşkilatının sədri