Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb

Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb
  • Cəmiyyət / Maraqlı

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb.

    Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.

    Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Çinlə möhkəm təməllərə söykənən ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev də Çinlə əlaqələrə xüsusi diqqət yetirir və dövlət başçıları səviyyəsində imzalanan rəsmi sənədlərlə Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi, eləcə də Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq nəqliyyat marşrutları çərçivəsində sıx əməkdaşlıq edir.

    Dövlət başçılarının açdığı geniş əməkdaşlıq imkanlarının elmi müstəvidə də öz müsbət təsirini göstərdiyini deyən akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, birgə elmi layihələrin həyata keçirildiyini söyləyib. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, Çin ədəbiyyatının, mədəniyyətinin tədqiq olunduğunu vurğulayıb.

    AMEA rəhbəri bu günlərdə “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə Pekində keçirilən 1-ci Çin azərbaycanşünaslıq beynəlxalq elmi konfransını ölkələrimiz üçün tarixi elmi-mədəni hadisə kimi dəyərləndirib.

    Qonaqların ölkəmizə səfərini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli cari ilin iyun ayında Çin Xalq Respublikasına səfəri çərçivəsində Honkonq Kore Akademiyasının Cuci Filialında qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin müzakirə edildiyini xatırladıb.

    Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyası ilə birgə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib və maraq doğuran məsələlər barədə təkliflərini səsləndirib.

    Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei isə çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Çin-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi istiqamətində yaxından iştirak edəcəklərini diqqətə çatdırıb.

    Professor Li Lei və professor Raymond J. Wu da öz növbəsində AMEA prezidenti ilə Çində keçirilən görüşü xatırladaraq qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər.

    Daha sonra qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

    Görüşdən sonra çinli alimlər AMEA Rəyasət Heyətinin tarixi binasını gəzib, Bakının tarixi-mədəni yerləri ilə tanış olublar.

    PAYLAŞ:

    Oxşar xəbərlər