Xarici sərmayələrin cəlb olunması ölkə iqtisadiyyatına töhfələr verir

Xarici sərmayələrin cəlb olunması ölkə iqtisadiyyatına töhfələr verir
  • Cəmiyyət

  • İnkişaf etməkdə olan ölkələr üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Xarici investisiyalar məhsuldarlığın artırılması, texnologiyanın bir ölkədən digərinə ötürülməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi iqtisadi artımı təmin etməklə milli iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır. 
           
    Tarixən dünya iqtisadiyyatları qarşılıqlı iqtisadi mübadilə əsasında dövlətlər arası iqtisadi əməkdaşlıq formasında inkişaf etmişdir. Qlobal bazarın inkişafı ölkələrin iqtisadi münasibətlərinin intensivləşməsinə, müxtəlif sahələr ixtisaslaşmasına, investisiya axınlarının daimi hal almasına, ticarət münasibətlərinin inkişaf etməsinə kömək etmişdir. Ölkələr isə bu inkişaf tendensiyasından istifadə edərək iqtisadiyyatlarını gücləndirməklə qlobal iqtisadiyyata töhvələrini verirlər. 
               
    Ümummilli lider Heydər Əliyevin bu fikirlərini xatırlatmağa böyük zərurət duyulur: «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.» Azərbaycan ildən-ilə investisiya cəlbediciliyini qorumaqla, artıq bu gün də  digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Milli iqtisadiyyatın ən vacib istiqaməti, onun innovativ komponentləri əsasında dayanıqlı iqtisadi inkişafa keçiddir. Bu gün ölkənin rəqabətli texnoloji və innovativ potensialının inkişafı əsas problemlərindən biridir. Milli iqtisadiyyatın innovativ inkişafının əsas problemlərinin həlli birbaşa xarici investisiyaların cəlbediciliyindən asılıdır. Birbaşa xarici investisiyaların cəlb edilməsi ölkənin iqtisadi siyasətinin prioritet vəzifələrindən biridir. Çünki qabaqcıl texnologiyaların, avadanlıqların və nou-haunun xaricdən ölkəyə gətirilməsini təmin etmək, bu əsasda texnoloji stukturu yeniləmək, sənaye istehsalını canlandırmaq və artırmaq baxımından bu tip investisiyalar əhəmiyyətli rola malikdir. 
           
    Dünyada yaşanan təhdidlər fonunda yüksək investisiya qoyuluşuna malik olması ölkəmizin nüfuzunu daha da artırır. Prezident İlham Əliyev respublikamızın investisiya cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son illərdə respublikamızın investisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və ardıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir.
               
    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.
             
    Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və Macarıstanın "Hell Group" şirkəti arasında Birgə İştirak Müqaviləsində Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur. Layihənin investisiya dəyəri 211 milyon ABŞ dollarıdır. 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb. Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sənaye Parkında Çinin "BYD Company Limited" şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların istehsalı layihəsidir. Layihədə AİŞ payçı kimi iştirak edəcək. BYD şirkəti tərəfindən layihəyə ilkin olaraq 34 milyon ABŞ dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması nəzərdə tutulur. 
               
    Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.



                                                                               
    Eldar Kazımov
    YAP Masallı rayon təşkilatının  əməkdaşı                                                               
                                                             
           
    PAYLAŞ:

    Oxşar xəbərlər