Prezident İlham Əliyev alternativ enerji sektorunda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən bəhs etdi. Bununla dünyada aktual olan alternativ enerji ilə bağlı Azərbaycanın potensialını təqdim etdi, eyni zamanda, torpaqlarımızın işğaldan azad edildiyini faktını nüfuzlu platformada yenidən elan edib.
Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu kontekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Bununla Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinin pozulduğu faktını diqqətə çatdırıb.
Qeyd edildiyi kimi İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak etmişdir.
İllik olaraq keçirilən Çernobbio Forumu The European House – Ambrosetti-nin ən əsas tədbiri hesab edilir. Çernobbio Forumu İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu forum hesab edilir.
Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d'Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim edilir.
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz Cənubi Qafqaz coğrafiyasının lider dövləti olmaqla yanaşı, qlobal aktora çevrilməkdədir. Ölkəmizin qlobal əməkdaşlığa, beynəlxalq səviyyədə təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələr getdikcə artır.
Prezident İlham Əliyev davamlı olaraq qlobal həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin başçısının beynəlxalq birliyə etdiyi humanitar çağırışlar hər kəsə yaxşı məlumdur. Bütün bunlar da dünyada Azərbaycana və onun Liderinə böyük nüfuz qazandırıb.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis