İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi planlaşdırılıb.
Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, işğaldan azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.