Vaqif Poeziya Günlərində AMEA paneli

Vaqif Poeziya Günlərində AMEA paneli
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasından Vaqif Poeziya Günlərində iştirak edən əməkdaşların iştirakı ilə Şuşada panel təşkil olunub.

    Şuşa Otelinin Bülbül zalında keçirilən iclasda “Milli Elmlər Akademiyasının Qarabağnaməsi: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda müzakirə aparılıb.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Milli Elmlər Akademiyasının Qarabağnaməsi: uğurlar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə I Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutlarında 30-dan çox monoqrafiya, toplama-tərtib kitabları, məqalələr toplusu və konfrans materialları nəşr edilib. Akademiya alimlərinin kitabları və məqalələri Azərbaycan dili ilə yanaşı, türk, ingilis, rus, ərəb, alman və ispan dillərində çap olunub. Artıq üçüncü ildir ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji qazıntılar aparılmaqdadır. Qarabağda seysmoloji stansiyaların bərpa olunması istiqamətində də işlər aparılıb. Hazırda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şuşa-Daşaltı Seysmoloji stansiyasında işlərin ilk mərhələsini başa çatdırmaq üzrədir.

    AMEA rəhbəri Qarabağ müharibəsinin mükəmməl salnaməsinin yaradılmasını, işğaldan azad edilmiş yaşayış yerlərinin etnoqrafiyası, folkloru və toponimiyasının daha geniş miqyasda araşdırılıb öyrənilməsini elmi cəhətdən zəruri məsələlər kimi dəyərləndirib. Yaxın gələcəkdə sistemli və kompleks elmi tədqiqat işləri aparmaq üçün Qarabağda Akademiyanın Bölməsi və ya Elmi Mərkəzinin yaradılması da qarşıda duran əsas vəzifələrdən biri hesab edilib.

    Müzakirələrdə AMEA-nın vitse-przeidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adıına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuad, filologiya elmləri doktoru Elman Quliyev və başqaları çıxış edib, fikir və mülahizələrini bildiriblər.

    Filologiya elmləri doktoru Esmira Fuad Qarabağ mövzusunda yazıb nəşr etdirdiyi kitablar haqqında təqdimatla çıxış edib.

    AMEA-nın əməkdaşları Molla Pənah Vaqifin Şuşa şəhərində ucaldılmış məqbərəsi qarşısında kollektiv xatirə şəkli çəkdiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər