“AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabı ictimaiyyətə təqdim olunub

“AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabı ictimaiyyətə təqdim olunub
  • Cəmiyyət

  • İyulun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri t.e.d. Zemfira Hacıyevanın rus dilində çapdan çıxmış “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimat mərasimi keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,  AMEA-nın vitse-prezidentləri, Milli Məclisin deputatları, dövlət və elmi ictimaiyyət nümayəndələri, media rəhbərləri və digər şəxslər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin mart ayında Azərbaycanın elm məbədi olan Elmlər Akademiyasının yaranmasının 80 ilinin tamam olduğunu, yubileyin yüksək səviyyədə təşkili məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən Komissiyanın yaradıldığını və Tədbirlər planının təsdiq edildiyini bildirib. Qeyd edib ki, Tədbirlər planında AMEA-nın elmi bölmələrinin üzərinə vəzifələr qoyulub, Akademiyanın 80 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərin ilkin planı müəyyən olunub. Bundan başqa, yubileyə hazırlıqla bağlı AMEA Rəyasət Heyətinin üzvlərinin və Rəyasət Heyəti aparatının şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirilib.

    Akademik İsa Həbibbəyli, həmçinin 80 illik yubileyə töhfə olaraq “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının “AMEA. Simalar” şəklində yenidən çapa hazırlandığını bildirib. Vurğulayıb ki, “Akademiyanın ensiklopediyası” adlandırılması mümkün olan bu kitab üzərində artıq son tamamlanma işləri aparılır.

    “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimatı Akademiyanın 80 illik yubileyinə həsr olunmuş ilk tədbirlərdən biri kimi mühüm əhəmiyyət daşıyır”, - deyən  akademik İsa Həbibbəyli nəşrin müəllifi t.e.d. Zemfira Hacıyevanın elm tarixi üzrə ixtisaslaşmış mütəxəssis olduğunu, alimin Azərbaycan tarixinə dair sanballı tədqiqatlar ərsəyə gətirdiyini qeyd edib. O, Zemfira Hacıyevanın müxtəlif tarixi faktlar əsasında qələmə aldığı məqalələrini, elm tarixi istiqamətində apardığı araşdırmalarını, AMEA-ya dair tədqiqatlarını, eləcə də Azərbaycanda elmin təşkilatlanmasının XX əsrdəki ilkin mərhələsi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə, Akademiyanın sonrakı inkişafı dövrlərinə, prezidentlərinə və institutlarına həsr olunmuş yazılarını toplayaraq bir neçə cilddə külliyyat halında nəşrə hazırlamağın mümkünlüyünü vurğulayıb.

    AMEA rəhbəri ictimaiyyətə təqdim olunan kitabın Akademiyanın ən az öyrənilmiş dövrlərinə həsr olunduğunu, nəşrdə bu elm ocağının yaranma tarixinin sistemləşdirilmiş şəkildə dərindən araşdırıldığını bildirib: “Kitabda AMEA-nın tarixi elm tarixinin mühüm hadisəsi hesab edilir, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin ölkəmizdə elmi-təşkilati qurumun yaradılmasının başlanğıcı olduğu bildirilir. Həmçinin indiyədək az öyrənilmiş SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə dair təqdiqatlar kitabda yer alır”.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, müəllif AMEA-nın, o cümlədən Gürcüstan, Rusiya və Azərbaycanın müxtəlif arxiv fondlarında saxlanılan qiymətli sənəd və materiallar əsnasında araşdırmalar aparıb, həmin materialları sistemləşdirərək tədqiqata cəlb edib. Kitabda onlarla elmi mənbə ilk dəfə Zemfira Hacıyeva tərəfindən elm tarixi baxımından tədqiq edilib, alim əldə etdiyi materiallarla arxivimizi zənginləşdirib.

    AMEA prezidentinin sözlərinə görə, kitab Akademiyanın yaranma tarixini öyrənərkən bu elm ocağını bütöv kökləri, simaları ilə dərindən tədqiq etməyə imkan verən mötəbər elmi mənbədir. O, nəşrin Moskvada rus dilində çap olunmasının Azərbaycan elminin dünya elmi mühitinə çatdırılması baxımından önəmini qeyd edib.

    Çıxışının sonunda akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyi ilə bağlı axtarışlara başlanıldığını deyib, yubileylə bağlı olaraq ilk dəfə 1923-cü ildən bugünədək AMEA-nın bütün Nizamnamələrinin çap edildiyini diqqətə çatdırıb.  

    Sonra AMEA-nın vitse-rezidenti akademik İradə Hüseynova çıxış edərək kitabda əsas bölmənin Biologiya və Tibb Elmləri Bölməsi ilə bağlı olduğunu söyləyib. Bildirib ki, nəşrdə bölmənin tabeliyindəki institutlar, təbiətşünaslıq sektoru, müəssisələrdə aparılmış elmi-tədqiqat işləri, əldə olunmuş elmi nəticələr, eləcə də Qafqaz florasının öyrənilməsi, zoologiya, biologiya sahələri və bioloji mübarizə ilə bağlı məlumatlar yer alıb. Həmçinin Mərkəzi Nəbatat Bağının fəaliyyətə başlaması, Dendrologiya İnstitutunun yaranma tarixi barədə məlumat verilib.

    Akademik İradə Hüseynova AMEA-nın inkişaf tarixini əks etdirən kitabın elm sahəsində çalışanlar üçün qiymətli mənbə olduğunu bildirib, nəşrin Azərbaycan dilində də çap olunmasının zəruriliyini qeyd edib.

    Tədbirdə, həmçinin AR Milli Məclisi sədrinin müavini professor Fəzail İbrahimli, Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər ölkəmizin və xalqımızın tərəqqisində mühüm rol oynamış AMEA-nın tarixindən, Azərbaycanda elmin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar. Çıxış edənlər kitabın məziyyətlərindən söhbət açıb, müəllifin zəhmətini yüksək qiymətləndiriblər. Bildirilib ki, elmin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rolu olan AMEA-nın yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Elmi arxivlərdən əldə edilmiş nadir tarixi sənədlər əsasında hazırlanmış kitabda fundamental və tətbiqi elmlərin təşəkkülü, onların inkişaf yolları təhlil edilib.

    Sonda nəşrin müəllifi AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri t.e.d. Zemfira Hacıyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

    Qeyd edək ki, “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.

    PAYLAŞ:

    Oxşar xəbərlər