Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyrevin həyata keçirdiyi aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının dinamik və davamlı inkişafını təmin etmək üçün idxaldan ixraca transformasiyanın təmin edilməsidir. Yəni ölkənin daxili tələbatını tam ödəməklə məhsulun ixracını həyata keçirib valyuta ehtiyatlarını artırmaqdır. Dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının” istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, Yuxarı Şirvan kanalının Şirvan suvarma kanalı adlandırılaraq yenidən qurulması da məhz bu məqsədə xidmət edir. Qeyd edək ki, bir sıra layihələrin reallaşması nəticəsində 31,5 min hektar sahədə suvarılan torpaqların su təminatı və 16,7 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşıb, 71,5 min hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin edilib. Şirvan su kanalının yenidən qurulması isə bu imkanları xeyli artırmaqla yanaşı indiyə qədər istifadə edilməyən torpaqların kənd təsərrüfatında istifadəsi kifayət qədər məhsulun əldə edilməsinə imkan verəcəkdir.
Məhz aprelin 16-da ölkə başçısı cənab İlham Əliyevin Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında qeyd etdiyi gələcək inkişafın istiqamətləri bundan xəbər verir.
Ölkəmizin başçısı öz çıxışında bildiridi ki, “Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaq olduğunu bildirən cənab Prezident bildirdi ki, son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
Müsahibimiz qeyd edir ki, Şərqi Zəngəzurda və Qarabağda görülən işlərin də məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdıraraq bildirib ki, “Cənab Prezidentin gələcəyə hesablanmış siyasətinin çox mühüm strateji əhəmiyyəti var. Çünki çox yaxın dövrdə dünyada qlobal su çatışmazlığı probleminin yaşanacağı artıq sirr deyildir. Ona görə də indidən müvafiq layihələrin həyata keçirilməsini təmin edən ölkə başçısı doğma vətənimizin gələcəkdə bu problemin həlli üçün indidən müvafiq tədbirlər həyata keçirir və yaxın zamanlarda bu siyasətin bəhrəsini görəcəyik.
Rusif Kərimov ,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi