Yurdumuza bahar gəlir. Bahar gəlişi ilə elimizə,obamıza təravət gətirir.Bu təravət bizim ruhumuzu isidir,bizə sevinc bəxş edir.İnsanlar bahar fəslini çox sevirlər. Çünki bu fəsildə hamımızın şıltaq uşaq sevinci ilə gözlədiyimiz bir bayramı qarşılayırıq .
Novruz bizə ən əziz,ən doğma bayramdır.Bu bayram bir çox adətləri ilə yadda qalıb.Novruzun gəlişi evlərimizə sevinc,şadlıq gətirir.Küsülülər barışır.Hamı istəyir ki,bayramı daha yaxşı,fərəhlə qarşılasın.Ona görədə hər evdə xüsusi novruz hazırlıqları gedir.Növbənöv,bir-birindən ləzətli yeməklər,şirniyatlar hazırlanır,xonçalar bəzənir,bolluq rəmzi olan səməni cücərdilir
Novruzda yaddaqalan adətlərdən biri də çərşənbələri qeyd etməkdir.Hər çərşənbə özünəməxsus şəkildə qeyd olunur. Adəti üzrə od çərşənbəsində tonqal qalanır , xal tonqal başına toplaşaraq odun üstündən atılaraq ağırlıqlarının köhnə ildə qalmasını diləyirlər,digər bir adətə görə isə evlərə papaq atılır,qapı pusulur,qızlarımız qulaq falına çıxırlar.
Novruz yeni gün deməkdir. Baharın ilk günüdür.Həmçinin bu bayram halallıq, bolluq, təmizlik bayramıdır.Novruza hələ bir ay qalmış insanlar təmizlik işləri görürlər. Bayrama hazırlıq hər bir evdı duyulur.Novruz adətlərindən biri də bayram axşamı hər kəsin evində olmasıdır. Deyilənə görə,əgər Novruzun ilk günündə evində olmasa yeddi il evindən uzaq düşürsən. Novruz bayramının maraqlı atributlarından biri də Keçəl və Kosadır.Bir-biri ilə yola getməyən Kosa ilə Keçəl bayrama xüsusi maraq qatır.
Novruzun milli bayram kimi keçirilməsinə görə 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.Bu bayram ölkəmizdə geniş miqyasda keçirildiyi kimi,digər ölkələrdə də,Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".
Maraqlıdır ki,Novruz bayramına aid şeirlər,mahnılar uşaqlar tərəfindən sevilə-sevilə oxunur,el şənlikləri təşkil olunur. Kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirirlər,adlarını şəkdiyimiz Kosa və Keçəl komik tamaşalar göstərirlər.Kosa qışı,Keçəl isə yazı simvolizə edir.Kənd yerlərində bir-birindən maraqlı yarışlar təşkil olunur.
İllərlə Azərbaycan xalqının bir arzusu olmuşdur. Novruzu işğal altında olan torpaqlarda qeyd etmək. Artıq böyük qürür və fərəh hissi ilə biz bayram tonqalını 30 ildən sonra Şuşada yandıra bildik. 44günlük Vətən müharibəsindən üzüağ çıxan ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində Xalqımız bu sevinci yaşadı.
Bayramınız mübarək,əziz xalqım!
Əntiqə Tağıyeva,
Masallı Tarix-diyarşünaslıq Muzeyinin direktoru