Xalqımızın qədim və müqəddəs bayramlarından biri də Novruz bayramıdır.
Novruz sözünün mənası “yeni gün” deməkdir.
Novruz bayramını qeyd etmək isə təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inanclarına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl ilaxır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır.
Bu bayramda nişanlı qızlara pay aparılır,qohumlara baş çəkilir, küsülülər barışdırılır,qohum-qonşular bir-birlərinin evlərinə gedir,cavan uşaqlar isə evlərə papaq atmaqla hədiyyələr əldə edirlər .
Novruz bayramında xalqımız bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrələrdə adları “S” hərfi ilə başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü – yaz, ikincini – yay, üçüncünü – payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Şəkilə Xəlilova,
Masallı rayonu, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi