Türkiyədə qeydə alınan və ciddi itkilərə səbəb olan zəlzələlər Azərbaycanda da insanlar arasında təlaş yaradır.
Bəs görəsən, əhali zəlzələ baş verən zaman hansı tədbirləri görəcəyi barədə məlumatlıdırmı?
Baku TV-nin əməkdaşı mövzu ilə bağlı Naxçıvan sakinləri arasında sorğu keçirib. Məlum olub ki, vətəndaşların əksəriyyəti zəlzələ zamanı necə davranmalı olduğu haqqında informasiyaları internetdən əldə edir.
Naxçıvan Muxtar Respublikası FHN-in əməkdaşı Azadə Cəfərovanın sözlərinə görə isə insan amili olan hər bir sahədə zəlzələ ilə bağlı maarifləndirmə işləri həyata keçirilir.
“Biz, adətən, psixoloji cəhətdən insanları bu təbii fəlakətə hazırlamağa çalışırıq ki, hadisə vaxtı özlərini itirmədən, düzgün reaksiya verməyi bacarsınlar. Təhlükəsizlik cəmiyyətindən söhbət gedirsə, azyaşlılardan başlamalıyıq. Biz onlara zəlzələ təhlükəsizliyi vərdişlərini oyun şəklində aşılamağa çalışırıq”, - deyə A.Cəfərova qeyd edib.