Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən din xadimləri İranın ölkəmizə qarşı yeritdiyi siyasətə etirazını bildirib.
Din xadimlərindən LEQAL.AZ-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan xalqı və dövləti tarixən bütün qonşuları ilə sülh, qarşılıqlı hörmət və əməkdaşlığa söykənən münasibət qurmağa çalışıb. Əfsuslar olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımı şəkildə qiymətləndirilmir. Son vaxtlar İranlı din xadimlərinin Azərbaycana qarşı səsləndirdikləri bəyanatlar, İran ordusunun Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlər başda din xadimləri olmaqla bütün Azərbaycan xalqını narahat edir. Bizləri təəssüfləndirən məqamlardan biri də, bu xoşa gəlməz münasibətin məhz İran tərəfdən göstərilməsidir. Çünki başda İslam dini olmaqla, Azərbaycanla İranı bir birinə bağlayan əsrlər boyu formalaşmış bir çox milli və mənəvi dəyərlərimiz vardır. İran isə həm Qarabağ münaqişəsi zamanı, həmdə münaqişə həllini tapdıqdan sonrakı dövrdə təcavüzkar Ermənistana qarşı yaxın münasibət göstərmişdir. Biz din xadimləri olaraq İranın ikili standartını pisləyir, iki xalq arasındakı əlaqələrə xəyanət kimi qiymətləndiririk. 67 məsciddən 65-ni dağıdan Ermənistan ilə əməkdaşlıq etmək özünü İslam respublikası adlandıran İran üçün İslam dəyərlərinə uyğun olmayan addımdır.
Bizim məscidlərimizdə heç bir dövlətə qarşı təbliğat aparılmır. Lakin milli mənəvi dəyərlərimizə, eyni zamanda dövlətçiliyimizə qarşı hər hansı təhdid və ya qarayaxma kampaniyasına səssiz qala bilmərik. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq hər zaman dövlətçiliyimizə sadiqdirlər və ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. İran öz məkrli siyasətindən əl çəkməlidir.
Din xadimləri olaraq bizlər də İran İslam Respublikasının Azərbaycana qarşı yeritdiyi siyasətin müsəlmanlar arasında qarşıdurmalara səbəb olduğunun fərqindəyik. Tolerantlığın və multikulturallığın ölkəmizdəki önəmini vurğulayaraq bir daha bəyan edirik ki, ölkəmizdə İranın bu siyasəti baş tutmayacaq. Buna səbəb isə bizim cənab Ali Baş komandanımız İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşməyimizdir. Bu birlik siyasi, iqtisadi və dini birlikdir ki, bunu heç bir kənar qüvvə poza bilməz. Milli-mənəvi dəyərlərimiz tarix boyu pozulmadan bu günlərə qədər gəlib çıxıb və bunu pozmağa heç bir dövlətin gücü çatmaz”.