İtaliyada Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.
Baş Prokurorluqdan “Leqal.az”a bildirilib ki, hibrid formatda baş tutan tədbirdə Azərbaycanı Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə videokonfrans vasitəsilə iştirak edən Baş prokuror prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış tədbirlər barədə məlumat verib. Görüşdə prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə edilib, qurumun illik maliyyə hesabatları dinlənilib.
Həmçinin qurumun 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi yığıncağı və illik konfransının Bakıda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, tədbirdə iştirak edən Baş prokurorun müavini Heydər Məmmədov və digər əməkdaşlar İtaliyanın Sirakuza Beynəlxalq İnstitutunun rəhbərliyi, həmçinin BPA-nın Katibliyi və İcraiyyə Komitəsinin üzvləri ilə görüşüblər.