“Otuz il bundan əvvəl yaşadığımız hadisələr - tökülən qanlar, qışqırtılar, ağlaşmalar, evlərin yandırıldığı - xatirələrimizdə çox pis qalıb”.
Bunu “Report”un Kəlbəcərə ezam olunmuş müxbirinə açıqlamasında Ağdaban kənd sakini Qərənfil Bağırova bildirib.
Doğma yurduna 30 ildən sonra səfər edən Q.Bağırova Ağdabandan gənc yaşlarında çıxdığını deyib:
“Ermənilər səhər işə gedənə, qapıya çıxana atəş açırdılar. Kimi qapıda görürdülərsə, öldürürdülər. Kəşfiyyatçı olan atam və qardaşımı ermənilər öldürüblər, bibimi və yoldaşını isə yandırıblar.
Prezidentimiz İlham Əliyev hər zaman qürurla deyirdi ki, torpaqlar qayıdacaq. Dövlət başçımız sağ olsun ki, bu həsrətimizə son qoydu. Bu günümüzə görə çox şükür edirəm. Sevincliyəm ki, doğma yurdumuza gəlmişəm. İnsanları gülərüz gördüm. Sanki yaramıza məlhəm qoyulub”.