Şanlı Aprel döyüşlərinin altıncı ili

Şanlı Aprel döyüşlərinin altıncı ili
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

    Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

    Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

    Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarqsyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.

    Qeyd edək ki, əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

    Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində işğalda qalan torpaqların işğaldan azad edilməsində həlledici rol oynadı.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər