1993-cü il avqustun 31-də işğal olunan Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəmanlığı və igidliyi sayəsində azadlığına qovuşdu. Bu tarix xalqımızın yaddaşına qürur, hünər və Zəfər günü kimi həkk olundu.
Lakin Qubadlı üçün mübarizə azadlıqla bitmədi. Qarşıda dağıdılmış yurdun yenidən qurulması, infrastrukturun bərpası və doğma torpaqlarda həyatın canlandırılması kimi mühüm vəzifələr dayanırdı.
İşğaldan azad edildikdən sonra Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Rayonun elektrik enerjisi təminatı gücləndirildi, yeni yarımstansiya istifadəyə verildi, avtomobil yollarının tikintisi və yenilənməsi istiqamətində mühüm addımlar atıldı. Sürətli internet və müasir kommunikasiya infrastrukturunun yaradılması da bu inkişafın tərkib hissəsinə çevrildi.
Bu gün Qubadlıda yeni yaşayış məhəllələrinin, məktəbin, Mərkəzi Xəstəxananın və inzibati binaların tikintisi, eləcə də kəndlərin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpası doğma yurda qayıdışın mühüm mərhələlərindəndir. Məqsəd yalnız evlər tikmək deyil, insanların rahat, təhlükəsiz və layiqli yaşayışı üçün müasir şərait yaratmaqdır.
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi də rayonun gələcəyinə hesablanmış mühüm addımdır. Yol, enerji, su təsərrüfatı, sosial infrastruktur və yeni yaşayış məntəqələrinin inkişafı Qubadlının iqtisadi və sosial həyatının yenidən canlanmasına xidmət edir.
Bu gün Qubadlıda görülən hər bir quruculuq işi Böyük Qayıdışın ümidini, hər yeni tikili doğma yurda qayıdış sevincini, hər atılan addım isə gələcəyə olan inamı ifadə edir.
Qubadlının azadlığı qəhrəmanlığımızın, dirçəlişi isə birliyimizin və quruculuq əzmimizin təcəssümüdür.
Qoy Qubadlının hər qarışında həyat yenidən çiçəklənsin, ocaqlarımızın tüstüsü daim ərşə yüksəlsin!
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Yaşasın azad Qubadlı! Yaşasın Azərbaycan!
Aynur Qardaşova,
Masallı şəhər sakini