Prezident İlham Əliyevin keçən ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.Bununla yanaşı, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərlərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Bundan əlavə Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.
Bundan başqa, keçən il may ayının 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Bildirilib ki, kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.
Həmin gün dövlət başçısı Qubadlı rayonunun Mahruzlu kəndinin də təməlini qoyub. Mərasimdə qeyd edilib ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Prezident mayın 4-də, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.
Bundan başqa, Azərbaycan Prezidenti mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının da təməlinin qoyulması mərasimində eləcədə digər layihələrin həyata keçirilməsi prosesində iştirak edib.
Kərim Ağayev,
YAP Masallı rayon təşkilatı Tüklə ərazi partiya təşkilatının sədri