Təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşüb - FOTO

Təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşüb - FOTO
  • Təhsil

  • Yanvarın 30-da təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşüb.

    LEQAL.AZ xəbər verir ki, nazir Emin Əmrullayev 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər birimizə qurur hissi yaşatdığını qeyd edib. O vurğulayıb ki, müharibədə xalq olaraq həmrəy olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas amillərdən biri və ən başlıcası qələbə sözünü tariximizə qızıl hərflərlə yazan Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasəti oldu.

    Nazir diqqətə çatdırıb ki, torpaqlarımızı işğaldan azad edən qəhrəmanların igidlikləri tariximizə əbədi daxil oldu. Vətən müharibəsi təhsilimizə də təsirsiz ötüşmədi. Azərbaycan müəllimi bu müharibədə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatıldı. Onların övladlarımıza verdikləri vətən sevgisi ilə biz bu müharibədən üzüağ çıxdıq. 44 günlük Vətən müharibəsində 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif ediliblər. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

    “Müharibənin təhsilimizə mənfi təsirləri də oldu. Bu müharibə 10 şagirdin həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi dağıntılara məruz qaldı. Lakin qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Vətən müharibəsi bizə çox şey öyrətdi. Qələbəmizin hər anını addım-addım şagirdlərimizə və tələbələrimizə öyrətməliyik ki, bir daha heç bir mənfur qüvvə Azərbaycana qarşı qalxmağa cürət etməsin”, - deyə təhsil naziri qeyd edib.

    Emin Əmrullayev bildirib ki, güclü dövlət qurmağın yolu həm də təhsildən keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsini tədrisə inteqrasiya etmək məqsədilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Artıq “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq Təhsil İnstitutunun rəsmi səhifəsində yerləşdirilib. Müəllimlər bu mövzuları virtual dərslərdə keçirlər. Həmçinin teledərslərdə də qələbəyə həsr olunan süjetlər hazırlanıb.

    Görüşdə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri təəssüratlarını bölüşüb, zəfərə aparan 44 günlük müharibədən danışıblar.(azərtac)

    PAYLAŞ:

    Oxşar xəbərlər