Bakı Dövlət Universitetinin (BDU) əsas prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu çərçivədə ikili diplom proqramı üzrə Hüquq fakültəsinin 7 məzunu Əl-Farabi adına Qazax Milli Universitetinin Dəniz və enerji hüququ ixtisasına qəbul olaraq magistr adını qazanıb.
Bu barədə LEQAL.AZ-a BDU-dan məlumat verilib. Bildirilib ki, Qazax Milli Universitetinin 2 magistrantı isə BDU-nun Hüquq fakültəsində təhsil almaq imkanı əldə edib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 21-də Bakı Dövlət Universiteti ilə Qazax Milli Universiteti arasında dəniz və enerji hüququ magistr ixtisaslaşmasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2020/2021-ci tədris ilində dəniz və enerji hüququ ixtisaslaşmasının tədris planına uyğun olaraq fənlərin birgə tədrisi nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü ildə təsis olunan dəniz və enerji hüququ ixtisaslaşmasında tədris prosesi ingilis dilində aparılır.