Daşbulaq kənd orta məktəbi bağlanır? - Müəllimlərə bildiriş göndərilib

Daşbulaq kənd orta məktəbi bağlanır? - Müəllimlərə bildiriş göndərilib
  • Təhsil

  • “Elm və Təhsil Nazirliyi daha bir kənddə şagird sayı az olduğunu əsas gətirərək məktəbi bağlamaq istəyir. Bu, mənim babalarımın, nənələrimin yaşadığı Şəkinin Daşbulaq kənd orta məktəbidir. Bildirilib ki, şagirdlər distant təhsilə keçiriləcək”.

    “Leqal” xəbər verir ki, bunu jurnalist Zülfiyyə Quluyeva sosial şəbəkə hesabında bildirib. 

    O, kənddə bir sıra problemlərin olduğunu da qeyd edib:

    “İşsizlikdən onsuz da adam qalmayıb. Kənd sakinləri illərdir su problemi yaşayırlar. Amma bunlara rəğmən insanlar o kəndi tam tərk etmir. Çünki, onları o kəndə bağlayan çox mənəvi dəyərlər var. Əgər məktəbi də bağlasalar, kənd tamamilə boşalacaq. Kəndin yolu da normal deyil ki, şagirdlər digər kəndlərə gedib təhsil alsınlar. 90-cı illərin sonlarına kimi bu məktəbdə 100-dən çox şagird təhsil alıb. İndi bu say 29 nəfərə düşüb. Kəndə 400 min manata büdcədən pul xərcləyib 80 yerlik modul məktəb inşa edilib. Bunlar da bir yana, bu məktəbdən neçə insan evinə çörək aparır. Tutaq ki, müəllimlərə başqa kəndlərin məktəblərində dərs verildi. Bəs bu məktəbin xadiməsi, gözətçisi, minimum əməkhaqqı ilə dolanan işçilərinin taleyi necə olacaq?”

    Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Şəki rayonu Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Bildiririk ki, 2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin təhsil müəssisəsində onlayn formatda, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tərəfindən təşkili nəzərdə tutulur.

    Qeyd edirik ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur”.

    ***

    40 ildir Şəkinin Daşbulaq kənd orta məktəbində riyaziyyat müəllimi işləyən Yusif Qarayev saytımıza müraciət edərək bildirib ki, artıq ona sentyabrın 14-dən əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilib:

    “Bir neçə aydır ki, məktəbin bağlanacağı söhbəti gedir. Hətta bir ay bundan əvvəl bilirdim ki, məni Şəkinin Oxud kəndinə göndərəcəklər. Düzdür, hazırkı dərs saatımı orada təmin edirlər. Amma mən onlara da dedim ki, məni dərs maraqlandırmır, məni kəndin taleyi maraqlandırır. Əsas məsələ də kəndin taleyidir. Oxud kəndi mənə daha yaxındır. Sonra bu bildiriş gəldi. Bildiriş gəlməzdən əvvəl onlarla söhbət etmək istədim. Məzuniyyətdə idilər, buna görə görüşə bilmədim. Bildiriş gələndən sonra isə gördüm ki, məsələ artıq dəqiqdir. Əgər bu bildiriş varsa, necə deyə bilərlər ki, məktəb bağlanmır? Bu, doğru deyil”.//Qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər