Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının doqquz ili tamam olur. İlk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində liderliyini saxlayan ali məktəb Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.
Bu barədə LEQAL.AZ-a BANM-dən məlumat verilib. Bildirilib ki, 2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.
Ali məktəbdə neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və biznesin idarə edilməsi (MBA) ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir. Həmçinin fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsi yaradılıb. 2020/2021-ci tədris ilində neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün qiyabi şöbəyə qəbul həyata keçirilib.
Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın “Twenty Eight Strategy Execution” (STRATEX) şirkəti ilə birgə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı əsasında “Layihə İdarəetmə Məktəbi” təlim proqramını, “Cenevrə Biznes Məktəbi” ilə əməkdaşlıq çərçivəsində isə “Neft və Qaz Menecmenti üzrə” MBA proqramını reallaşdırır.
Cari ildə BANM-in bakalavr səviyyəsi üzrə dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal 658,83, magistratura səviyyəsi üzrə isə 63 bal olub. 2020/2021-ci tədris ilində BANM-in 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki, bu göstərici üzrə də ali məktəb ölkədə digər ali təhsil müəssisələri arasında ön sıralarda yer alıb. Beləliklə, ali məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 172 nəfərə çatıb. İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb. Ali məktəb doqquz illik fəaliyyətində artıq dördüncü dəfə məzun buraxılışı reallaşdırıb. Ötən müddət ərzində məzunların işlə təmin olunması 100 faiz təşkil edib. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır, dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
Doqquz illik uğurlu fəaliyyəti ərzində ali məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında “SOCAR”, “STAR”, “Petkim”, “BP”, “ABB”, “TechnipFMC”, “Emerson”, “Schneider Electric”, “Maire Tecnimont”, “Halliburton”, “Microsoft”, “Schlumberger”, “Equinor”, “Total”, “Avandsis Group” və digər qabaqcıl şirkətlərlə əməkdaşlıq edib ki, bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə zəmin yaradır.