Oktyabrın 20-də Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində SOCAR Energy Georgia tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulmuşdur.Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodehi meri Condo Mdivnişvili, Laqodehi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak etmişlər.
Bu barədə LEQAL.AZ-a SOCAR-dan məlumat verilib.
100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcəkdir. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulmuşdur. Uşaq bağçasının ümumi sahəsi 1242 kvadrat metrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, SOCAR, Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaratmışdır. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət, 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.