Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli bioloq, Dendrologiya İnstitutunun sabiq baş direktoru, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AMEA-dan Leqal.az-a bildirilib ki, əvvəlcə foyedə görkəmli alimin həyat yolu və elmi fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Anım tədbirində Tofiq Məmmədovun xatirəsinə ithaf olunmuş “Yaşıl həyat” filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tofiq Məmmədovun həyat yolundan, elmi yaradıcılığından, onun Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb, alimin çoxillik fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Tofiq Məmmədovun mühəndislik ixtisasına yiyələnməsinə baxmayaraq, bütün həyatını təbiət elmlərinə, elmi-təşkilati fəaliyyətə həsr etdiyini bildirib. Tofiq Məmmədovun Dendrologiya İnstitutunun təşəkkülündə və inkişafında göstərdiyi xidmətlərin danılmaz olduğunu söyləyən AMEA rəhbəri 1990-cı illərdə məhz onun səyləri nəticəsində Dendrologiya Bağının qorunub saxlanıldığını diqqətə çatdırıb.
“Hesab edirəm ki, Abşeron rayonunun landşaftı, bitki aləmi, biomüxtəlifliyinin öyrənilməsinə Tofiq Məmmədov bir institut alimlərinin ümumilikdə verə biləcəyi qədər töhfələr vermişdir”, - deyən İsa Həbibbəyli alimin əsərlərinin, monoqrafiyalarının, gətirdiyi elmi yeniliklərin təbiət elmləri tarixində özünəməxsus yerə malik olduğunu vurğulayıb.
AMEA prezidenti görkəmli alimin ölkəmizdə yeni nəsil botaniklərin formalaşmasındakı yorulmaz fəaliyyətindən də bəhs edib, onun dövlətçilik ənənələrinə sadiq, əqidəli, etibarlı şəxsiyyət kimi ehtiramla anıldığını diqqətə çatdırıb. İsa Həbibbəyli bildirib ki, Tofiq Məmmədov hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin müdafiəçisi və icraçılarından biri olub. Akademik əlavə edib ki, Tofiq Məmmədov AMEA-nı bir çox xarici ölkələrdə ləyaqətlə təmsil edib, dünyanın müxtəlif dövlətlərində Azərbaycan elminin nailiyyətlərini təbiətşünas alimlərə təqdim edib və nüfuzlu mükafatlara layiq görülüb. Akademik İsa Həbibbəyli görkəmli alimin vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu söyləyib, bugünkü tədbirin Tofiq Məmmədovun elmi irsinin, zəngin yaradıcılığının gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra Tofiq Məmmədovun fəaliyyətinin AMEA ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, alimin təşəbbüsü ilə 2014-cü ildə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunmuş və Tofiq Məmmədov ömrünün sonunadək bu müəssisəyə rəhbərlik etmişdir.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun elmi fəaliyyətinin əsas istiqamətləri barədə danışan akademik İradə Hüseynova bu istiqamətlərin respublikanın müxtəlif ərazilərində ağac və kol bitkilərinin, xüsusən nadir və məhv olmaq təhlükəsində olan növlərin genofondunun qorunub saxlanılması, biomüxtəlifliyinin artırılması, təbii еhtiyаtlаrının bərpаsı, düzgün və səmərəli istifаdə еdilməsi üçün iqlim şəraitinə uyğun ağac və kol növlərinin introduksiyasının prioritet istiqamətlərinin müəyyən edilməsi, eləcə də ətraf mühitin mühafizəsi üzrə mühüm tövsiyələrin verilməsi ilə bağlı olduğunu vurğulayıb.
Vitse-prezident görkəmli alim Tofiq Məmmədovun Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün qiymətli təkliflər verdiyini də qeyd edib. Məruzəçi Tofiq Məmmədovun yerli və xarici mətbuatda dərc edilən 300-ə yaxın əsərin, 11 patent, 24 monoqrafiya, 6 dərslik, broşüra, kitabça və metodik vəsaitlərin müəllifi olduğunu diqqətə çatdırıb.
“İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının ilk nümayəndələrindən biri məhz Tofiq Məmmədov olmuşdur”, - deyən İradə Hüseynova alimin 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak etdiyini vurğulayıb. Bildirib ki, 2021 və 2022-ci illərdə görkəmli alimin rəhbərliyi altında Dendrologiya İnstitutunda tarixi Zəfərə və “Şuşa İli”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilib. Tofiq Məmmədov Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edib və həyatını da bu yolda faciəli şəkildə itirib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənovanın “Dendrologiya İnstitutunun yaradılması və inkişafında Tofiq Məmmədovun rolu”, Mikrobiologiya İnstitutunun laboratoriya müdiri professor Elman İsgəndərin “Tofiq Məmmədovun Azərbaycan botanika elminə verdiyi töhfələr” mövzusunda məruzələri dinlənilib.
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Elşad Qurbanov çıxış edərək Tofiq Məmmədovun Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən bəhs edib, alimin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar. Çıxış edənlər Tofiq Məmmədovun hamıya örnək ola biləcək fərqli bir ömür yaşadığını vurğulayıb, onun təkcə alim kimi deyil, həm də təvazökar və səmimi insan, dost olaraq insanlığın zirvəsində dayandığını qeyd ediblər.
Sonda mərhum alimin ailə üzvləri adından qardaşı professor Fəxrəddin Məmmədov çıxış edərək AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.