AMEA Rəyasət Heyətinin iclasında Humanitar və İctimai Elmlər bölmələrinin illik elmi hesabatları müzakirə olunub

AMEA Rəyasət Heyətinin iclasında Humanitar və İctimai Elmlər bölmələrinin illik elmi hesabatları müzakirə olunub
  • Cəmiyyət

  • Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş direktorları, aidiyyəti şəxslər, ali təhsil müəssisələrinin və KİV-in nümayəndələri iştirak ediblər.

    Əvvəlcə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

    Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

    Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

    Hesabatı təqdim edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov bildirib ki, 2022-ci ildə Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 8 istiqamətin 39 problemi üzrə 98 mövzu, 504 iş üzərində tədqiqat aparılıb. 98 mövzudan 27-si, 504 işdən 240-ı tamamlanıb. Bölmənin müəssisələrində 12, kənar təşkilatlarda isə 16 mühüm nəticə əldə olunub. Bu mühüm nəticələr içərisində Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyada ilk dəfə Azərbaycan dilinin rəsmi olaraq Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin türk dili proqramının tədris yükünə daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Oksford Universitetində Azərbaycan dilinin tədrisi dilimizin və mədəniyyətimizin təbliğindən başqa, həm də tədqiqatçıların elmi araşdırmalar zamanı Azərbaycan dilində olan materialları oxuya bilməsi baxımından böyük əhəmiyyətə malikdir.

    Qeyd edilib ki, ölkə başçısının “2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı AMEA alimlərinin qarşısına ciddi öhdəliklər qoyub. Ölkə Prezidentinn etimadını doğrultmaq, eləcə də 2022-ci ilin respublikamızda “Şuşa İli” elan olunmasının ictimai-siyasi, beynəlxalq-ideoloji, elmi-mədəni əhəmiyyətini təbliğ etmək məqsədilə AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramının hazırlanıb və bir sıra təqdirəlayiq işlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə bölmənin müəssisələrinin əməkdaşları tərəfindən “Azərbaycan ədəbiyyatşünaslıq elminin Qarabağnaməsi” adlı tam mətnli elektron məlumat bazası yaradılıb, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, “Şuşanamə. Şeirlər toplusu”, “Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”, “Şuşa şəhərinin şəhərsalma problemləri” və s. kitablar çap olunub, yerli və beynəlxalq səviyyəli konfranslar keçirilib.

    Həmçinin AMEA-nın Rəyasət Heyətində “Şuşa İli”nin yekunlarına dair “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq miqyaslı zirvə konfransı keçirilib. Tədbir çərçivəsində işğaldan azad olunmuş torpaqlarımız, xüsusən də Şuşa şəhəri ilə bağlı AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən “Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağnaməsi (2020-2022-ci illər)” (layihənin rəhbəri akademik İsa Həbibbəyli) adlı kitab nəşr olunub, ölkənin aidiyyəti qurumları və konfrans iştirakçılarına təqdim edilib.

    Bundan əlavə, Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”  6 dekabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar bölmənin müəssisələri tərəfindən Şuşa şəhərinin ədəbi-mədəni mühitinə, ədəbiyyatına, mədəniyyətinə, folkloruna dair elmi tədqiqat işlərinin aparılması, kitabların nəşr olunması, genişmiqyaslı tədbirlərin keçirilməsi və s. ilə əlaqədar təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.

    Hesabat ilində, həmçinin dövlət başçısının 2022-ci ildə Azərbaycan ədəbiyyatının, ictimai fikir tarixinin formalaşmasında xidmətləri olan görkəmli xadimlərin yubileyləri ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileylərinə həsr olunmuş silsilə konfransların keçirildiyi, nəşrlərin ərsəyə gətirildiyi diqqətə çatdırılıb.

    Qeyd olunub ki, 2022-ci ildə Humanitar Elmlər Bölməsinin müəssisələrində 122 kitab (6-sı xaricdə), 80 monoqrafiya (10-u xaricdə), 2113 məqalə (279-u xaricdə, 10-u “Web of Science” və “Scopus” bazalarında) və 190 tezis (70-i xaricdə) çap olunub, əməkdaşların əsərlərinə 96 istinadın edildiyi bildirilib. Humanitar Elmlər Bölməsinin üzvlərinin (10-u akademik, 8-i müxbir üzv) isə hesabat ilində 21 kitabı, 250-dən çox məqaləsi çap olunub.

    Məruzədə Bölmənin kadr potensialı və elmi kadrların hazırlanması, beynəlxalq müqavilələr, keçirilmiş beynəlxalq, respublika miqyaslı konfrans, sessiya, seminar və yubileylər haqqında məlumat, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltif və mükafatlar, sosial sferada fəaliyyət barədə də məlumat verib.

     Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva AMEA-nın İctimai Elmlər Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti  haqqında hesabatını təqdim edib. Qeyd edilib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar, əsasən “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”ə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına, eləcə də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamların icrasına istiqamətlənib. Bölmənin elmi tədqiqat müəssisələrinin əməkdaşları 8 Dövlət Proqramının icrasında iştirak ediblər.

    Vurğulanıb ki, hesabat dövründə bölmənin müəssisələrində 36 problem, 94 mövzu, 316 iş, 168 mər­­hələ üzərində elmi tədqiqatlar aparılıb, bunlardan 27 mövzu, 246 iş, 93 mərhələ tamam­lanıb. Həmçinin bölmənin elmi tədqiqat müəssisələrində 17, kənar təşkilatlarda isə 25 mühüm nəticə əldə olunub.

    Akademik Gövhər Baxşəliyeva bildirib ki, hesabat ilində bölməyə daxil olan müəssisə­lərin əməkdaşları tərəfindən araşdırılan 60-dən çox elmi tədqiqat işi Qarabağa, Şuşaya həsr edilib. Vurğulanıb ki, dövlət başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli”nin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, bölmənin müəssisələrində 40-dan çox tədbir həyata keçirilib ki, bunlardan 4-ü beynəlxalq, 9-u respublika  konfransı, 4-ü sərgi və 20-dən çoxu dəyirmi masa, elmi seminar olub. Sərəncam çərçivəsində bölmənin elmi tədqiqat müəssisələrində 21 kitab və monoqrafiyanın nəşr edildiyi, “Qarabağ 1822-1846: sənəd və materiallar toplusu”, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri”, “Şuşa Bəyannaməsi və Cənubi Qafqazın yeni geosiyasi reallıqları”, “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” və s. kitabların bu qəbildən olduğu diqqətə çatdırılıb.

    Qeyd olunub ki, “Şuşa İli” nin yekunlarına həsr edilmiş “Akademi­yanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda “Şuşa İli” ilə əlaqədar apardıqları elmi tədqiqatlara görə bölmənin 20-dən çox əməkdaşı AMEA-nın, 40-dan çox əməkdaşı isə İctimai Elmlər Bölməsinin Fəxri fərmanları ilə təltif olunublar.

    Bundan əlavə, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının Sərəncamının icrasına uyğun olaraq, bölmənin müəssisələrinin tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyi bildirilib.

    İctimai Elmlər Bölməsinin nəşriyyat fəaliyyətinə toxunan akademik Gövhər Baxşəliyeva hesabat ilində bölmə əməkdaşları tərəfindən 2044 əsərin işıq üzü gördüyünü, bunlardan 64-nün kitab (5-i  xaricdə), 66-nın monoqrafiya (12-si xaricdə), 1456-nin məqalə (385-i xaricdə), 447-nin tezis (172-si xaricdə) 12-nin dərslik, dərs vəsaiti və metodik vəsait, 84-nün məqalə (“Web of Science”, “Scopus” bazalarında) olduğunu diqqətə çatdırıb. Məruzəçi, o cümlədən bölmə əməkdaşlarının əsərlərinə 1316 istinadın edildiyini deyib. Bildirilib ki, bölmənin 8 akademik və 11 müxbir üzvünün il ərzində 17 kitabı (1-i xaricdə), 30 məqaləsi (25-i xaricdə) çap olunub.

    Diqqətə çatdırıb ki, hesabat ilində İctimai Elmlər Bölməsinin müəssisələri tərəfindən 17 beynəlxalq konfrans, 3 beynəlxalq seminar, 1 beynəlxalq forum, 20 respublika konfransı, 44 elmi seminar, 4 elmi sessiya, 19 kitab  təqdimatı, 20-yə yaxın görüş,  47 dəyirmi masa və Elmi şuranın 71 iclası keçirilib.

    Hesabat məruzəsində, o cümlədən AMEA-nın Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər, kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və qrantlar, müqavilələr, elektron elmin vəziyyəti, təltiflər və mükafatlar, elmin populyarlaşdırılması sahəsindəki fəaliyyət iclas iştirakçılarının diqqətinə çatdırılıb.

    Hesabatlar dinlənildikdən sonra məruzələr ətrafında akademik Rasim Əliquliyev, akademik İbrahim Quliyev, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, akademik Muxtar İmanov, müxbir üzv Ərtegin Salamzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, hüquq elmləri doktoru, professor Habil Qurbanov və İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov çıxış edib, fikir və mülahizələrini bildirərək təkliflərini səsləndiriblər.

    Rəyasət Heyətinin müvafiq qərarları ilə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatlar qənaətbəxş hesab edilib və bir sıra tapşırıqlar verilib.

    Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər bölmələri üzrə mühüm nəticələrin ötən illə müqayisədə yüksək olduğunu deyib, bölmə əməkdaşlarının ideoloji işlərlə yanaşı, cəmiyyət quruculuğu prosesində də yaxından iştirakının vacibliyini bildirib. Bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda məqalələrinin çapının artırılması işinə diqqətin gücləndirilməsi, respublika səviyyəli elmi-nəzəri seminarların keçirilməsi, həmçinin Akademiyada işıq üzü görən nəşrlərin elektron variantlarının Vikipediyada yerləşdirilməsi istiqamətində tapşırıqlarını verib.

    www.leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər