Erməni vandalizmi nəticəsində 63 məscid tamamilə dağıdılıb

Erməni vandalizmi nəticəsində 63 məscid tamamilə dağıdılıb
  • Təhsil / Maraqlı

  • Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrini öz adına çıxmaqla xalqımızı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etməyə çalışırdı. Mənfur qonşumuz Dağlıq Qarabağ və ona bitişik rayonların erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq üçün işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınar mədəni irs nümunələrinin dağıdılaraq yox edilməsi və mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirib.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib.

    O bildirib ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox daşınmaz tarix və mədəniyyət abidələrinin adları, toponimlər dəyişdirilərək erməni adları ilə əvəz edilib.

    Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərləri xarabalığa çevirib, habelə çoxsaylı erməni kilsələri inşa edib. Eləcə də Azərbaycanın işğal altındakı bütün ərazilərində yüzlərlə erməni xaç nişanları quraşdırılıb, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilib.

    Faiq İsmayılov məlumat verib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 2 min 645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey dağıdılıb. Eyni zamanda, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, vətəndaşların şəxsi kolleksiyalarına aid 50 mindən çox əşya, o cümlədən tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) məhv edilib və ya mənimsənilib.

    Azərbaycanın qoşulduğu “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına əsasən hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilən ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.

    Eyni zamanda, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” Paris və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il konvensiyalarında təsbit edilən müddəalara əsasən isə silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə müharibə cinayət hesab olunur.

    Beynəlxalq hüquqa zidd olaraq Ermənistan ötən müddət ərzində işğalda saxladığı Azərbaycan ərazilərindən qarət etdiyi daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarıb, bir qismini nüfuzlu şəxslərə hədiyyə edib, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəssisələrində saxlanılır: “1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londonda auksionda 80 min ABŞ dollarına satılıb. 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb”.

    Faiq İsmayılov diqqətə çatdırıb ki erməni vandalizmi nəticəsində 63 məscid tamamilə dağıdılıb, 4 məscid sökülərək tanınmaz hala salınıb. Habelə 7 min memarlıq abidəsi baxımsızlıqdan uçmaq təhlükəsi qarşısında qalıb, 71 türbə, 500 qəbiristanlıq dağıdılıb.

    Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib. Eyni zamanda 1161 arxeoloji abidə üzərində qeyri-qanuni qazıntılar aparılıb.

    Qeyri-qanuni fəaliyyətə yol verilərək işğalda olan müddətdə Azərbaycan ərazilərində erməni kilsələri - Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 tikilib.

    “Azərbaycanın tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti qanunla yolverilməzdir. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edir. Əminəm ki, Ermənistanın hərbi təcavüzü nəticəsində xarici ölkələrə aparılmış Azərbaycanın daşınan mədəni dəyərləri də beynəlxalq normativ sənədlərə əsaslanaraq geri qaytarılacaq”, - deyə Faiq İsmayılov qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər