Dövlət siyasətimizin əsas istiqamətlərindən olan mədəni inkişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunmasıdır. Azərbaycanımızın, Qarabağın mədəni irsinin qorunub saxlanması mənəvi borcumuzdur.
Beynəlxalq siyasət 30 ildir ki, Azərbaycana işğalçı siyasətini yürüdür. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı dörd qətnaməsi qəbul edilib. Buna baxmayaraq Ermənistan bu qətnamələrə əməl etmir və 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasını kobud şəkildə pozur.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Tarixi-mədəniyyət abidələrimiz dağıdılaraq izləri silinir, saxtalaşdırılır, qalanları isə erməni abidələri altında təqdim edilir.
İşğal olunmuş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi, yüz mindən çox əsər, 23 muzeyə məxsus 86307 eksponat, 4 rəsm qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 4 teatr,2 konsert müəssisəsi,8 mədəniyyət və istirahat parkı,700-dən çox tarixi və mədəniyyət abidəsi,o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIIIəsr), dünyanın ən qədim yaşayış yerlərindən olan Füzulidəki Azıx mağarası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurmuşdur.
UNESCO mədəniyyət abidələrinə vurulan ziyanın qarşısının alınmasını təmin etmək üçün hər iki tərəfin, xüsusən də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun Əlavə (1954 və 1999) protokollarına, 1972-ci il Ümumdünya İrs Konvensiyası və bir çox digər müqavilələrə əsasən, beynəlxalq humanitar hüquqla bağlı götürülən öhdəlikləri mövcuddur. Ermənistan tərəfi bu cür müqavilələrə məhəl qoymayaraq işğal altında və işğaldan kənar şəhərlərdə olan abidələrimizi məhv etməkdə davam edir. Mədəni irs nümunələrimizin məhv və təhqir edilməsi yalnız Azərbaycan xalqına deyil,eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşiliyə son qoyulacaq. Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilir. Suqovuşan kəndi ərazisində XII-XII əsrlərə aid Tərtər çayı üzərində inşa edilən birtağlı qədim körpü də işğaldan azad olunmuşdur. Dövlətimizin başçısı xalqına müraciət edərək bildirdi ki:”Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpaqlardan,rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq”.
Rəşadətli ordumuz bu tarixi ədalətsizliyə son vermək üçün qarşı tərəfin təxribatlarına uğurlu əks-hücum əməliyyatları ilə cavab verir. Qədim Azərbaycanın, Qarabağın salnaməsinə yeni tarix yazılır. Bu tarix bacarıqlı sərkərdəmiz, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyilə yazılır.
Əntiqə Tağıyeva
Masallı Tarix-Diyarşünaslıq muzeyinin direktoru,
Əməkdar mədəniyyət işçisi.
LEQAL.AZ