Son illər cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da uğurla icra olunmaqdadır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının Qazaxın timsalında bariz nümunəsidir. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısının əyani sübutudur.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də düşmənlə sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur ki, hazırda yeni məktəbdə son tamamlanma işləri aparılır.
Məktəb tikintisi barədə məlumat verən iqtisadçı-mühəndis Nəsib Alqazaxlı bu ilin yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə hazırda son tamamlanma işlərinin aparıldığını və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığını bildirir.
Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarətdir. Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Qaymaqlı kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub.
Birinci mərtəbədə bir-birindən gözəl guşlər göz oxşayır. Sol tərəfdə ulu öndər Heydər Əliyevin Qazaxa səfərini və təhsil sahəsinə olan qayğısını əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin Qazaxa səfərini, gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğısını özündə əks etdirən guşə yer alır.
Birinci mərtəbədə 5 sinif otağı (1 sinif otağı məktəbəhazırlıq qrupu üçün ayrılıb), qəbul otağı, direktor otağı, tibb otağı, yeməkxana, idman zalı, idman zalı üçün inventar otağı, 2 ədəd soyunub geyinmə otağı (oğlanlar və qızlar üçün), duş otağı, 4 ədəd sanitar qovşaq yerləşir.
İkinci mərtəbədə sinif otaqlarının sayı 1-dir. Burada müavin otağı, arxiv otağı, 1 ədəd kompyuter otağı, fizika və kimya kabineti, kitabxana, 96 nəfərlik akt zalı, hərbi hazırlıq kabineti, qızlar üçün əmək otağı, 4 ədəd sanitar qovşaq yerləşir.
Üçüncü mərtəbədə isə 6 sinif otağı var. Müəllimlər otağı, müavin otağı, inventar otağı, oğlanlar üçün əmək otağı da bu mərtəbədə yerləşir. Bu mərtəbədə də 4 ədəd sanitar qovşaq ayrılıb.
Məktəbin arxa tərəfində isə qazanxana, su nasosu stansiyası, həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 150 kubmetr olan yanğından mühafizə üçün su anbarı, həcmi 50 kubmetr olan çirkab su anbarı, 2 ədəd sanitar qovşaq inşa edilib. Məktəb müasir istilik sistemi ilə təmin olunub.
Qeyd edək ki, hazırda məktəbin həyətinə asfalt örtüyü vurulur. Daxili təmizlik və inventarların yerləşdirilməsi işləri aparılır.
LEQAL.AZ