“Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”.
LEQAL.AZ- ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”, deyə A.Eyvazov əlavə edib.