Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasına sədrlik edib

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasına sədrlik edib
  • Siyasət

  • İyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İslamabadda təşkil olunan İkinci Ümumi Konfransı çərçivəsində Qadın Parlamentarilərin iclası keçirilib.

    Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, Milli Məclisin Sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasının ilk sessiyasına sədrlik edib.

    İclası açan Milli Məclisin sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının önəmindən danışıb, rəhbər vəzifələrdə olan qadınların əsas çağırış və imkanlarını müzakirə etmək üçün mühüm bir platforma təqdim etdiyinə görə Qadın Parlament Qrupuna xüsusi təşəkkürünü bildirib.

    Sahibə Qafarova dünya miqyasında iqtisadi fəallığın azalmasına baxmayaraq, ölkələrimizin iqtisadi əməkdaşlığın inkişaf tendensiyalarını möhkəmləndirə biləcəklərinə inamını ifadə edib. Vurğulayıb ki, qadınların hüquqları və gender bərabərliyi kimi məsələlər hələ də gündəmdə qaldığı üçün bu tədbirin mövzusu həqiqətən mühüm əhəmiyyət kəsb edir.

    Milli Məclisin sədri Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən bir ölkəni təmsil etməsindən qürur duyduğunu diqqətə çatdırıb. Bildirib ki, bu, 1918-ci ildə əksər Avropa ölkələrindən xeyli əvvəl olub. Müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb, ilk balet və opera da Azərbaycanda yaradılıb.

    S.Qafarova qeyd edib ki, parlamentarilər, xüsusən də qadın millət vəkilləri arasında təmaslar parlamentlərarası əməkdaşlığın vacib hərəkətverici qüvvəsidir. İslam dövlətlərindən daha çox qadın millət vəkilinin müxtəlif parlament təşkilatlarında təmsil olunması vacibdir.

    O, bugünkü müzakirələrin bütün bu mövzularda faydalı fikir mübadiləsi aparmağa imkan verəcəyinə inamını ifadə edib.

    Qadın Parlamentarilərin iclasının ilk sessiyasında çıxış edən Qadın Parlament Qrupunun katibi xanım Munazu Hassan, Pakistan Milli Assambleyasının üzvü xanım Bequm Sadjida Zulfikar Xan, Pakistan Parlamentinin katibi, xarici işlər naziri xanım Andlib Abbas, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və başqaları rəhbər vəzifələrdə olan qadınların regional ticarətin, biznesin, sahibkarlığın inkişafında rolu, regional əməkdaşlığın gələcəyi və digər mövzularda fikirlərini açıqlayıblar.

    İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, Qadın Parlament Qrupuna uğurlar arzulayıb, səsləndirilən fikirlərlə bağlı gələcək görüşlərdə müzakirələr aparılacağını diqqətə çatdırıb.

    İclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı da iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər