Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
  • Siyasət

  • Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, H.Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

    1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.

    1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

    1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

    Ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini – Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

    2011-ci il mayın 2-də Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

    2 may 2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.

    2019-cu ilin iyul ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

    100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir.

    Evlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər