Martın 31-də Qazaxıstanın ev sahibliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi. Sonuncu Zirvə görüşünü açan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qurumun əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu deyib. Tarixi kök, dil və din bağlılığı olan, eyni mənəvi dəyərləri bölüşən dövlətlərin təmsil olunduğu bu beynəlxalq tədbirin müharibədən yeni çıxmış ölkəmiz üçün də əhəmiyyəti danılmazdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışını əsasən Qarabağ mövzusuna həsr edən cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan illər boyu xarici dəstəkçilərinə arxalanaraq Azərbaycana qarşı sistemli, ardıcıl olaraq təxribatlar törədib, Nikol Paşinyan Şuşada andiçmə keçirərək, Cıdır düzündə yallı gedərək, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı verərək və 2020-ci ilin yayında Ermənistanın müdafiə naziri yeni əraziləri işğal etmək anonsları edərək xalqımızın qüruruna toxunublar. Prezidentimiz Zirvə görüşündə iştirak edən dövlət başçılarının diqqətinə çatdırdı ki, 30 il boyunca dünyadan haqq-ədalət gözləyən Azərbaycan xalqı sonda tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına bərpa etməyə məcbur oldu: “Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən ll Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi”.
Prezident İlham Əliyev çıxışı ilə Azərbaycan xalqının qədirbilənliyini bir daha nümayiş etdirdi.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni, 32 illik qanlı münaqişəni həll etdi, tarixi Zəfər qazandı və dağıdılmış ərazilərdə bərpa işləri başladı. Həmçinin müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq.
“Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir” deyən Azərbaycan Prezidenti, eyni zamanda, Türk Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzvlərinə ölkəmizə verdikləri mənəvi-siyasi dəstəyə görə təşəkkürünü çatdırdı. Dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı bu fikirlər isə, türk dünyası ilə yanaşı, həm də dünya birliyinə verilən mesaj demək idi: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”.
Eyni zamanda, hər zaman, hər an yanımızda olan qardaş Türkiyə Prezidenti Ərdoğan öz müjdəsini, xoş xəbərini verdi, Şuşaya ilk səfərinin tarixini açıqladı.
Rəcəb Tayyib Ərdoğan “Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq” deyərək, Azərbaycanın heç zaman yalnız, tək buraxılmadığını və buraxılmayacağını hər kəsə bəyan etdi.
Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev də çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək dedi: “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”.
N.Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif etdi.
Nazarbayev sonra Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi.
Müəllif: Gülcahan Vəkilzadə,
Masallı rayon Tatyanoba kənd sakini, fəal gənc.