Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdi.
LEQAL.AZ trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də çox cinayətkar bir hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.
S.Markov qeyd edib ki, demək olar ki, bütün erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır:
"Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə Baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var".
Politoloq vurğulayıb ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında sərt şəkildə qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.
Onun sözlərinə görə, nəzərə alsaq ki, rus hərbçiləri də minalardan xəsarət ala bilər, Rusiya da minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini açıq şəkildə dəstəkləyir.