Müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyətə gələn səriştəsiz, bacarıqsız insanların yarıtmaz rəhbərliyi nəticəsində ordumuzda meydana çıxan pərakəndəlik və özbaşınalığa görə, dədə-baba torpaqlarımız Qarabağ erməni separatçılarının işğalına məruz qaldı. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən işğal olundu, bir milyona yaxın vətəndaşımız öz yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi ölkəmizin digər ərazilərinə pənah gətirdilər. Məhz bu dövrdə Gəncə şahərində baş vermiş qiyam nəticəsində qardaş qanı axıdıldı.
Ulu öndər Heydər Əliyev xalqın tələbi və təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərb sahəsində böyük inkişaf yoluna qədəm qoydu. 1994-cü ildə bağlanmış böyük atəşkəs müqaviləsi imkan verdi ki, Azərbaycanda yeni, müasir tipli ordu yaradılsın. Lakin işğal edilmiş torpaqlarda ölkə qanunvericiliyinin tətbiq olunması mümkün deyildi, çünki bu ərazilər Azərbaycanın hüquqi nəzarətindən çıxmışdı. Ulu öndərimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün problemlər mərhələli şəkildə öz həllini tapırdı. Ümummilli liderimiz Heydər Əliyevin bağladığı neft kontraktı – Əsrin müqaviləsi nəticəsində dünyanın aparıcı şirkətləri tərəfindən Azərbaycana milyardlarla dollar investisiya qoyuldu ki, bu da ölkəmizin təhlükəsizliyinin uzunmüddətli qarantına çevrildi. Məhz bundan sonra yeni tipli, müasir silahlarla təchizat nəticəsində Azərbaycanda modern ordu quruculuğuna nail olundu.
Ulu öndər Heydər Əliyev bütün xarici görüşlərində ölkəmizdə daxili sabitliyin yüksək olduğunu vurğulamaqla bərabər, torpaqlarımızın böyük bir hissəsinin erməni vandalları tərəfindən işğal edildiyini, bu ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu daima diqqətə çatdırır, haqq səsini beynəlxalq tribunalardan ucaldırdı. Həmin illərdə qısa zamanda Azərbaycan Konstitusiyanın qəbul edilməsi, yeni parlamentin formalaşdırılması, məhkəmələr və hakimlər haqqında yeni qanunların qüvvəyə minməsi, bələdiyyə institutunun təsis olunması ilə Ulu öndərimiz tərəfindən aparılan hüquqi islahatlara geniş yer verilmişdi.
Ulu öndərin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət, hakimiyyət-xalq birliyi nəticəsində Azərbaycan ötən ilin payızında möhtəşəm bir tarix yazdı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu itirilmiş torpaqlarımızı geri qaytardı. İşğaldan azad edilmiş ərazilər artıq Azərbaycanın yurisdiksiyasına aiddir və bu torpaqlarda ölkəmizin qanunvericiliyi tətbiq olunur. 10 noyabr 2020-ci ildə düşmənlərimiz Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyərək Ali Baş Komandanımızın bütün təkliflərini qəbul etdilər. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi altında Ermənistan üçtərəfli atəşkəs sülh müqaviləsini imzalamağa məcbur edildi, faktiki olaraq kapitulyasiya aktına imza atdı. Bu gün Azərbaycan üçün vacib olan əsas məsələlərdən biri sərhədlərimizin delimitasiyası və demarkasiyasına nail olunmasıdır. Məhz bundan sonra
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin tam dəqiq tanınması mümkün olacaqdır. Bu məsələlər də artıq yekunlaşıb tamamlanmaq üzrədir. Bundan sonra Cənubi Qafqazda Ermənistanın böyük ərazi iddialarından imtina etməsi, Azərbaycanın ərazi bütövlüyünü qəbul edərək tanıması, ərazi bütövlüyümüzə hörmətlə yanaşmasına nail olunacaqdır. Cənab Prezident İlham Əliyevin son açıqlamasında vurğuladığı Cənubi Qafqaz regionunda yeni inkişafın ön planda olması ancaq bu şəkildə ifadə oluna bilər.
Bu gün bütün siyasi partiyalar Cənab Prezidentin ətrafında sıx birləşib. Bu milli birlik sosial-siyasi sabitlik və cəmiyyətdə yeni islahatlarla təzahür olunur. Biz də ziyalı olaraq Cənab Prezidentin daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyirik. Cənab Prezidenti bir daha Yeni Azərbaycan Partiyasına sədr seçilməsi münasibəti ilə bütün ziyalılar adından ürəkdən təbrik edir, bütün işlərində uğurlar arzulayırıq!
Qulam ŞÜKÜROV,
hüquq üzrə fəlsəfə doktoru,
Masallı Dövlət Regional Kollecinin müəllimi
Masallı rayonu Yeddioymaq kənd sakini